4 ölkənin generalı Bakıda açıqlama yaydı
8 Aprel 2014 23:00 (UTC+04:00)
Aprelin 8-də Bakı şəhərində MDB üzvü olan
dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin
növbəti iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, iclasda Azərbaycan Respublikası,
Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası
və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə
heyətləri iştirak edib.
Nümayəndə heyətlərinin rəhbərləri - Azərbaycan
Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin
Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Rusiya
Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin
Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov, Belarus
Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci
müavini, general-mayor İqor Lavrinenko, Müdafiə nazirinin birinci
müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi, general-polkovnik Saken Jasuzakov, Qırğızıstan Respublikası
Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, polkovnik
İlyazbəy Subankulov və onları müşayiət edən şəxslər əvvəlcə Fəxri
xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım
Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən
övladlarının məzarlarını ziyarət edərək əklillər və gül dəstələri
qoyublar.
İclasın gündəliyinə uyğun olaraq nümayəndə
heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə
ediblər.
İclas iştirakçıları tərəfdaşlıq münasibətləri
əsasında hərbi sahədə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi
məqsədilə 2020-ci ilədək MDB-nin üzvü olan dövlətlərin hərbi
əməkdaşlığının inkişafına konseptual yanaşma məsələlərini
razılaşdırıblar.
MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
Qərargah Rəisləri görüşdə hərbi təyinatlı birgə sistemlərin gələcək
inkişafı, o cümlədən, MDB iştirakçı ölkələrin Müdafiə
nazirliklərinin Dövlət radiolokasiya tanınma birgə sisteminin
təkmilləşdirilməsi, radioloji, kimyəvi və bioloji vəziyyətə nəzarət
və qiymətləndirmə Birləşmiş sisteminin inkişafı məsələlərini
müzakirə ediblər.
Humanitar minatəmizləmə məsələlərinin vacibliyini
nəzərə alaraq MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin
Qərargah Rəisləri Komitəsi humanitar minatəmizləmə tapşırıqlarının
yerinə yetirilməsi dövründə MDB iştirakçı dövlətlərin Silahlı
Qüvvələri mühəndis qoşunlarının hərbi qulluqçularının statusu
haqqında Razılaşmanın layihəsini razılaşdırıb, o cümlədən,
humanitar minatəmizləmə Birgə mühəndis taboru haqqında müzakirələr
aparılıb.
Birlik çərçivəsində çoxtərəfli hərbi əməkdaşlığın
prioritet istiqamətlərindən biri MDB hava hücumundan müdafiə
sahəsində araşdırmalar və MDB-nin üzvü olan dövlətlərin Silahlı
Qüvvələrinin maraqları üçün geoməkan məlumatların mübadiləsi
sahəsində əməkdaşlıq iştirakçılar tərəfindən xüsusi qeyd
edilib.
Nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü
olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə
tədbirlər Planını razılaşdırıb və MDB iştirakçı dövlətlərin Silahlı
Qüvvələrinin hərbi qulluqçularının səhra (hava, dəniz) hazırlığı
üzrə yarışlarının təşkil edilərək keçirilməsini təsdiq ediblər. O
cümlədən, Rusiya Federasiyası Silahlı Qüvvələri panton-körpü
bölmələrinin və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
hərbi qulluqçularının birgə iştirakı ilə Ümumordu yarışının
keçirilməsi təklif olunub. Gündəliyə daxil edilən sualların
müzakirəsi zamanı keçiriləcək birgə tədbirlər və yarışların dost
ölkələrinin hərbi bölmələrinin qarşılıqlı praktiki əlaqələrinin
artmasına imkan yaradacaq.
MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin
Qərargah Rəisləri Komitəsinin Bakı şəhərində təşkil olunmuş növbəti
iclası konstruktiv və işgüzar şəraitdə keçirilib.
İclasda qəbul olunmuş qərarlar ümumi, regional və
milli maraqlar nəzərə alınmaqla qarşılıqlı fəaliyyət formatında
çoxtərəfli hərbi əməkdaşlıq sisteminin inkişafına
istiqamətlənib.
Sonda sənədlərin imzalanması mərasimi keçirilib,
xatirə şəkli çəkdirilib. Tədbirin sonunda MDB-nin üzvü olan
dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin
iclasının yekunlarına dair kütləvi informasiya vasitələrinin
nümayəndələrinə məlumat verilib.
Bununla da MDB-nin üzvü olan dövlətlərin Silahlı
Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası sona
çatıb.
İclas iştirakçıları Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə ilə də görüşüblər.