Ödəmə terminalları saxta pul hazırlayan fırıldaqçıların hədəfində-ARAŞDIRMA

9 Aprel 2014 14:14 (UTC+04:00)

Azərbaycanda ödəmə terminalları işimizi asanlaşdırsa da, bu terminalların təhlükəsizlik problemi hələ də qalmaqdadır. Son dövrlər müxtəlif cinayətkar qrupların əməllərinə bankomatlardan pul çıxarmaqla yanaşı, paytaxtın müxtəlif yerlərində quraşdırılmış ödəniş terminallarını yarmaq  da daxil olub. Bu dəstələr daha çox keçid və mağazaların girişində quraşdırılmış terminallara müdaxilə etməyi hədəf seçiblər. Onların digər əməlləri isə terminallara saxta əskinaslar daxil etmələridir. Ötən ay ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə belə hal aşkar olunub. Həmin şəbəkə saxta manatları ödəniş köşklərinə yerləşdirərək sonradan dövriyyəyə daxil etmək məqsədi ilə bir bank hesabı açıb. Saxta pulların bir hissəsi "Paypoint" vasitəsilə bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginazlar çıxarılaraq mənimsənilib. Bu günlərdə həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda "Paypoint" terminalları vasitəsi ilə dövriyyəyə saxta əsginaslar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri yaxalanıb. Şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılan paytaxt sakini 18 yaşlı Ehtiram Həsənzadə ifadəsində bildirib ki, bu ideyanı dostları ilə birgə irəli sürüblər və bundan sonra saxta pullar hazırlayıblar. Araşdırmalarla müəyyən olunub ki, qrup üzvləri saxta manatlar xüsusi kompüter avadanlıqları vasitəsi ilə hazırlanıb.  Pullar hazırlandıqdan sonra isə, dəfələrlə ödəmə aparatları vasitəsilə ayrı-ayrı vaxtlarda dövriyyəyə buraxılıb. Buna kimi isə dəstə üzvlərindən birinin həmin pulları toplamaq üçün adına bank hesabı da açdırıblar və həmin pulların bir hissəsi "Paypoint" vasitəsi ilə  həmin şəxsin bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginaslar çıxarılaraq mənimsənilib.  Bu cür hadisələrin baş verməsi ödəmə terminallarına olan güvəni azaltmaqla yanaşı, əhalini də ehtiyatlı davranmağa məcbur edib. Movqe.az  ödəmə terminalları vasitəsilə saxta əskinasların dövriyyəyə buraxılmasını araşdırarkən ortaya maraqlı nüaslar çıxıb. Məlum olub ki, ödəmə terminallarını bu cür hallarda tam olaraq sığortalamaq mümkün deyil.  "Komtec" şirkətinin kommersiya rəhbəri  Teymur Cəfərov Movqe.az-a açıqlamasında bildirib ki, hər bir ödəmə terminalı  xüsusi proqram təhcizatı ilə təmin olunub: "Yəni  ilk gündən bu proqram vardı  və bu proqram təminatı  saxta pulları qəbul etmirdi. Sadəcə həmin epizodda o pulların keyfiyyəti elə yüksək olub ki,  saxta pul kimi görə bilməyib və qəbul edib. İndi o saxta pul əsasında proqram təminatı yenilənib".

T. Cəfərov bildirib ki, proqram təminatını başqa şirkət yazır və proqram təminatçısı olan şirkət bu problemin birdəfəlik həll olunduğuna təminat verib. O ki, qaldı vətəndaşlara belə halda dəyən ziyana, belə hallarda T. Cəfərov ödəmə terminalı bu pulu qəbul edibsə bu hal keçir deyir.  

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirib ki, ödəmə terminallarında saxta pul əməliyyatlarını birdəfəlik əngəlləmək mümkün deyil: " Qeyd edim ki, ödəmə terminallarında saxta pulları qəbul etməmək üçün proqram təminatı bankomatlarla müqayisədə zəifdir. Bunun əsas səbəbi banların öz bankomatlarını güclü proqram təminatı ilə təhciz etməsi ilə bağlıdır. Həmçinin banklarda bankomatlara nəzarət edən işçi heyyəti var. Ödəmə terminallarında isə təhlükəsizliklə bağlı  proqram təminatı elə də güclü deyil. Ona görə də, fırıldaqçılar asanlıqla həmin proqramları aldadaraq  saxta pulları ödəmə terminalları vasitəsilə bank hesablarına yatıra bilirlər. Yenə də qeyd edirəm, bunun bir səbəbi həmin saxta pulların keyfiyyətinin yüksək olması, əsl əskinasa oxşarlığı ilə bağlıdırsa, ikinci əsas səbəb proqram təminatının elə də güclü olmamasıdır.  Ona görə də düşünürəm ki, bu problemi birdəfəlik həll etmək, ödəmə terminallarını fırıldaqçılardan sığortalamaq mümkün deyil. Çünki, bu işlə məşğul olan fırıldaqçılar ödəmə terminallarını mühafizə edən proqramların sirlərini açmaqla daha keyfiyyətli saxta pul hazırlamaqla terminalı aldatmağa nail ola bilirlər. Burada da yeganə çıxış yolu ödəmə terminallarının proqram təminatını gücləndirmək, hər üç, altı aydan bir yeniləməkdir. Belə halda fırıldaqçılar yenilənən proqramın kodlarını deşifrə etməkdə çətinlik çəkirlər. Ona görə də ödəmə terminalı xidməti göstərən şirkətlər ancaq proqram təminatını gücləndirməli, və bu proqramı tez-tez yeniləməlidirlər. Əks halda ödəmə terminallarının fırıldaqçıların hədəfindən qaçması mümkünsüzdür".  

Qeyd edək ki, artıq  vəziyyətin ciddiliyini nəzərə alan elektron ödənişlər bazarının əsas iştirakçıları - "Modenis" MMC ( "e-manat" köşkləri) və "Komtec" şirkətləri "(MilliÖN" köşkləri) bu ödəniş terminallarında təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb. Hər iki şirkət ödəniş köşklərinə saxta əsginasların daxil edilməsinin qarşısını alan proqramları yeniləşdirib. Məqsəd ödəniş köşklərinin fırıldaqçılıqdan müdafiəsinin gücləndirilməsindən ibarətdir.