Qazılan yollara biganə münasibət

9 Aprel 2014 17:46 (UTC+04:00)

Artıq getdikcə adət etməyə başladığımız yolların tez-tez qazılmasıdır. Mərkəzi küçələr istisna olmaqla digər küçə və prospektlərdə bu hala vaxtaşırı rast gəlmək mümkündür. Əsas problem isə qazılan yolların bərpasının bəzhən həddən artıq uzun çəkməsidir. Bakıətrafı ərazilərdə isə bir sıra hallarda sadə vətəndaşlar tərəfindən qazılan yolun bərpası ümumiyyətlə həyata keçrilmir. Aidiyyatı qurumlar isə nə bu halın qarşısını alır,  nə də yolun vaxtında bərpasını həyata keçirir.  

Problemin nədən qaynaqlandığı haqda ekspertlər Movqe.az-a danışıblar. 

Belə ki, hüquqşünas Ərşad Hüseynov hesab edir ki,  bunlar məsuliyyətsizlikdən, nəzarətsizlikdən, sürücülərə və vətəndaşlara qarşı hörmətsizlikdən baş verir: "Yolda iş görülürsə, təmir aparılırsa, bu layihə əsasında aparılaraq maksimum tez müddətdə başa çatdırılmalıdır. Yol hərəkəti haqda qanuna əsasən, yolda hər hansı bir iş görüləndə, istər yolun özünün təmiri olsun, istər yol kənarlarında işıq dirəyinin qurulması olsun, istərsə də yollardan kommunikasiya xətlərinin çəkilməsi olsun, bu işlər görülərkən Dövlət Yol Polisi ilə və Nəqliyyat Nazirliyi, eyni zamanda müvafiq əraziyə baxan İcra Hakimiyyəti görülən işə nəzarət etməlidir. Layihə şəklində görülməli olan bu işlər də, işin nə zaman başlayıb, nə zaman bitəcəyi də müvafiq qurumlar tərəfindən müəyyən edilməlidir. Və qoyulan vaxta kimi işlər mütləq başa çatdırılmalıdır. Ona görə ki, qayda-qanuna əsasən insanların rahatlığı maksimum dərəcədə təşkil edilməlidir.  Məsələn, bunun üçün bütün sutka ərzində bu yollarda intensiv iş gedə bilər ki, tez bir zamanda yol əvvəlki vəziyyətinə qayıtsın. Həm sürücülər, həm də piyadalar yoldan rahat istifadə edə bilsinlər. Bu işlər görülən müddətdə isə insanlara alternativ yollar göstərilməlidir".

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev də bildirir ki, problemlər bu işi qeyri-peşəkar şəkildə görən insanların məsuliyyətsizliyindən baş verir:  "Kommunikasiya xətlərində hər hansı qəza baş verəndə və ya onların dəyişdirilməsinə ehtiyac yarananda birinci növbədə Nəqliyyat Nazirliyinə müraciət olunmalıdır. Burda təmir işləri aparmaq üçün icrası vacib olan texniki şərt alınmalıdır. Texniki şərt alındıqdan sonra yolun həmin hissəsi qazılaraq orda iş aparıla bilər. İstər elektrik, su, qaz xətti və s. bərpası texniki şərtdə göstərilən qaydalara uyğun olaraq aparılmalıdır. Bu texniki şərtdə yolun həmin hissəsinin necə qazılmalı olduğu, nə qədər müddət ərzində işin başa çatdırılmalı olduğu, hətta istifadə olunacaq materiallara qədər öz əksini tapır.  Eyni zamanda kommunikasiya xəttinin bərpasından sonra yolun əvvəlki vəziyyətinə qayıtması üçün hansı hündürlükdə asfalt döşəmə çəkilməlidirsə, bu da texniki şərtdə öz əksini tapır. Amma məsələ ondadır ki, bu işlər bəzi vaxtlarda qeyri-peşəkar, yol-abadlıq işlərini bilməyən insanlar tərəfindən həyata keçirildiyindən ya təmir işi uzanır, ya da ki, keyfiyyətsiz aparılır. Bunun nəticəsində asfalt tez bir zamanda sökülür. Avtomobil yolları haqda qanunda da göstərilib ki, kommunikasiya xəttinin çəkilişi və ya bərpasının sifariş edən təşkilat yolu əvvəlki vəziyyətinə qaytarmağa və mümkün qədər tez bir müddətdə istifadəyə verməyə borcludur. Ona görə də, kommunikasiya xəttinin bərpasını sifariş verən şəxs texniki şərti alıb, görüləcək işləri ona uyğun həyata keçirilməlidir".