Cəmiyyət mətbuatın istənilən mövzuya toxuna bilməsinə hörmətlə yanaşmalıdır

21 İyun 2012 09:00 (UTC+04:00)

"Milli Məclisin iclaslarında bu və ya digər məsələnin müzakirəsində mətbuatla bağlı məsələlərə toxunuruq. Mətbuat cəmiyyətdən kənar obyekt deyil. Mətbuat bizim gündəliyimizin xronologiyasıdır".

Bunu SalamNews-a Milli Məclisin deputatı Aydın Mirzəzadə "Diffomasiya haqqında qanun"un müzakirələri ilə bağlı sualı cavablandırarkən bildirib.

O deyib: "Bu gün biz mətbuatdan kənarda durmalı deyilik, onun zənginləşməsində, daha cəlbedici, çevik və obyektiv olmasında maraqlı olmalıyıq. Hesab edirəm ki, mətbuatın keyfiyyət göstəriciləri təkcə jurnalistlərin vəzifəsi deyil, cəmiyyət, dövlət təsisatları buna çalışmalıdır".

Deputat, Azərbaycan mətbuatından narazı adamlar kateqoriyasına aid olmadığını bildirərək xatırladıb ki, ölkə mətbuatının yüz illərlə tarixi var və Sovet İttifaqı dövründə, mətbuat üzərində kəskin senzura olan bir dövrdə jurnalistlər, qələm ustaları sözlərini bu ya və digər formada deyə bilirdilər. A.Mirzəzadə deyib: "Bəzən mətbuatın hər hansı sahəsindən narazılıq ola bilər. Bu, normaldır. Mətbuatın özü də cəmiyətin hər sahəsindən razı deyil. Bu, qarşılıqlı proses kimi gedir. Təkliflərdən biri də "Diffamasiya haqqında qanun"un qəbul edilməsidir. Mən diffamasiyanın tələblərinin, ilk növbədə, mətbuata aid olan hər kəsin və hər qurumun qəbul etməsinin tərəfdarıyam. Qoy diffamasiya tələbləri hər bir jurnalistin fikirlərində otursun, onun qələmində öz əksini tapsın. Cəmiyyət mətbuatın sərbəst olmasına və onun istənilən mövzuya toxuna bilməsinə hörmətlə yanaşmalıdır. Eyni zamanda mətbuatda əlindəki qələmin cərrah bıçağından daha kəskin olduğunun fərqinə varmalıdır. Bu, bir az incə və nəzəri məsələdir".

O vurğulayıb ki, "Diffamasiya haqqında qanun" müzakirə edilərsə, bu fikirləri Milli Məclisdə söyləyəcək: "İlk növbədə, istəyirəm, cəmiyyət mətbuatın, mətbuat isə cəmiyyətin qayğısına qalsın".