Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
12 Aprel 2014 13:33 (UTC+04:00)
Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq
hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə tədbirlərini davam etdirir.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə
şöbəsinə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış
məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran
İslam Respublikasından əldə edilərək qaçaqmalçılıq yolu ilə
Azərbaycan Respublikasına gətirilib realizə olunacağı barədə
əməliyyat məlumatı daxil olub. Həyata keçirilmiş müvafiq əməliyyat
tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Talıbov
Kamil Mirhüseyn oğlu Biləsuvar Gömrük İdarəsi "Qoşa Təpə" gömrük
postu-Biləsuvar avtomobil yolunun təqribən 3 kilometrliyində
yerləşən ehtiyat su anbarının qarşısında, kolluqların arasından, 1
ədəd torbada içərisində üzəri yapışqanlı lentlə sarınmış 3 ədəd
bağlamada, külli miqdarda 2 kiloqram 690 qram həşiş qətranı və
digər 3 ədəd bağlamada, külli miqdarda 2 kiloqram 645 qram tiryək
narkotik vasitələrini satmaq məqsədilə götürərkən yaxalanıb. Faktla
bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3
maddələri ilə cinayət işi başlanıb. Azərbaycan Respublikasının
vətəndaşı Talıbov Kamil Mirhüseyn oğlu şübhəli şəxs qismində
tutulub və təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası
CM-nin müvafiq maddələri ilə ona ittiham elan edilərək Bakı şəhər
Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində
həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik
vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin
müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində
zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.