Vergi işçiləri şahmat oynayır (FOTO)
12 Aprel 2014 18:02 (UTC+04:00)
Vergi işçiləri arasında ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start
verilib.
Vergilər Nazirliyinin Analitik-informasiya
şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, turnir Gənclər və
İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə
Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil
edilib.
Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri Sahib Ələkbərov turnirin iştirakçılarını
salamlayaraq bildirib ki, ötən əsrin 70-ci illərində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə
başlamasından sonra şahmatın inkişafına güclü təkan verilib. Həmin
dövrdə idmanın bu növünə göstərilən diqqət və qayğı nəticəsində
ölkənin bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və
klublar açılıb, Azərbaycan şahmat məktəbi formalaşmağa
başlayıb.
S.Ələkbərov Prezident İlham Əliyev tərəfindən də
bu siyasətin uğurla davam etdirildiyini, bu məqsədlə dövlət
başçısının 2009-2012-ci ildə respublikamızda şahmatın inkişaf
etdirilməsi ilə bağlı ayrıca sərəncam imzaladığını və Dövlət
Proqramının qəbul edildiyini vurğulayıb. Qeyd olunub ki, bütün
bunların nəticəsində şahmatçılarımızın beynəlxalq yarışlarda
qazandıqları nailiyyətlərin sayı gündən-günə artır. Bu sahədə əldə
edilən uğurlar, dünya və Avropa çempionatlarında, beynəlxalq
turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında
şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət
göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 minə
yaxın uşaq və yeniyetmə məşğul olur.
Turnirdə vergi orqanlarının bütün struktur
bölmələrindən ümumilikdə 32 əməkdaş iştirak edir. Bu ilki şahmat
turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun
xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi
mükafat və diplom təsis edilib. Həmin mükafat yarışda ən qısa vaxt
ərzində qalib gəlmiş iştirakçıya veriləcək. Olimpiya sistemi üzrə
keçirilən turnir may ayının 3-də başa çatacaq.