Prezident Nazirlikdə dəyişiklikləri təsdiq etdi
12 Aprel 2014 19:00 (UTC+04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikası
Energetika Nazirliyinin strukturunu təsdiq
edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
Azərbaycan prezidenti İlham Əliyev Energetika Nazirliyinin
fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye
və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi
barədə" Azərbaycan Prezidentinin 2006-cı il 15 may tarixli 404
nömrəli fərmanında dəyişikliklr edilməsi haqqında fərman
imzalayıb.
Fərmana uyğun olaraq, Energetika Nazirliyinin
aparatı işçilərinin say həddi 140 ştat vahidi, Dövlət Enerji
Nəzarəti İdarəsinin işçilərinin say həddi 150 ştat vahidi, o
cümlədən yerli bölmələrinin işçilərinin say həddi 112 ştat vahidi,
Dövlət Qaz Nəzarəti İdarəsinin işçilərinin say həddi 80 ştat
vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 50 ştat
vahidi müəyyən edilir.
"Azərbaycan Respublikasının Sənaye və Energetika
Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın
işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan
Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli fərmanında
aşağıdakı dəyişikliklər edilir:
1-ci, 3-cü və 5-ci hissələr ləğv
edilir;
2-ci və 4-cü hissələrdə "Sənaye və" sözləri
çıxarılır.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu fərmana
uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə
saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan
Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər
məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər
Kabinetinə məlumat verməlidir.
Azərbaycan Respublikası Energetika Nazirliyinin
strukturu:
1. Azərbaycan Respublikası Energetika Nazirliyinin
aparatı (şöbələr və sektorlar).
2. Dövlət Enerji Nəzarəti İdarəsi və onun yerli
bölmələri.
3. Dövlət Qaz Nəzarəti İdarəsi və onun yerli
bölmələri.