Dünyanı fəth edən zinət əşyaları (FOTO)
13 Aprel 2014 14:11 (UTC+04:00)
Moskvada Hindistan və Avropanın öndəgedən
zərgərlərinin 300-ə yaxın əl işinin sərgiləndiyi "Hindistan.
Dünyanı fəth edən zinət əşyaları" ekspozisiyası
açılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Kreml Muzeyinin 2 sərgi salonunda Viktoriya və Albert, Britaniya
muzeyi və Milli Portret qalereyasından (London), Barbye-Müller
muzeyindən (Ceneva), Əl-Sabah mərkəzindən (Küveyt), Xəlili
mərkəzindən (London), ABŞ muzeylərindən və məşhur zərgərlik
evlərinin xüsusi kolleksiyalarından nadir nümunələr
sərgilənir.
Ziyarətçilərin monqol imperatorlarına məxsus
təraşlı zümrüdləri, Böyük Moğol sülalələrinə məxsus 28 karatlıq
nadir brilyantı, qiymətli zinət qutuları, broşlar, qəlyanlar və
hind mədəniyyətinə aid digər əşyaları görmək imkanı var. Sərgi üçün
xüsusi olaraq, Cartier, Chaumet və Van Cleef & Arpels zərgərlik
evləri arxiv nümunələrini təqdim ediblər.
Sərgi dünəndən - aprelin 12-dən ziyarətçilərin
üzünə açıqdır. Qiymətli əşyaların Kremldə nümayişi 4 ay müddətində
nəzərdə tutulub. Zinət əşyalarının əsas hissəsi iyulun 27-dək, bir
hissəsi isə avqustun 25-dək muzeydə olacaq.










