Aygün Kazımovadan Dünya çempionatına dəstək

21 İyun 2012 16:18 (UTC+04:00)

Movqe.Az Affa.az saytına istinadən bildirir ki, Tanınmış müğənni, Azərbaycanın xalq artisti Aygün Kazımova FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı affa.az saytına fikirlərini bildirib: "Uşaq yaşlarımdan idmana böyük həvəsim olub. Uzun müddət həndbolla məşğul olmuşam və gənclərdən ibarət yığmanın kapitanı idim. İdman ustalığına namizədəm. Hətta bir müddət idman və musiqi sahəsi arasında seçim edərkən çətinlik çəkdim, tərəddüd edirdim. Təəssüf ki, o illərdə idmanla məşğul olan azərbaycanlı qızların sayı az idi. Sevindirici haldır ki, indi bu problem yoxdur. Müxtəlif idman növləri ilə peşəkar şəkildə məşğul olan qızlarımızın sayı get-gedə artır. Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının çıxışları barədə vaxtaşırı məlumatlar əldə edirəm. Azərbaycanda qızlar arasında dünya çempionatının keçirilməsi də ölkəmizin idman həyatında son dərəcə vacib hadisədir. Bu çempionatın təbliğatı ilə bağlı əlimdən gəldiyi qədər dəstəyimi əsirgəməyəcəyəm. Fürsətdən istifadə edib müxtəlif sənət sahiblərinə müraciət edirəm ki, qızlar arasında dünya çempionatına dəstək olsunlar. Onu da deyim ki, bu dünya çempionatına, xüsusilə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına həsr olunmuş mahnı bəstələmişəm və hazırda Türkiyədən olan çəkiliş qrupu tərəfindən həmin mahnıya klip çəkilişləri ilə məşğuluq. Bu kliplə və digər layihələrimizlə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə və yığmamızın əldə etdiyi nəticədən asılı olmayaraq, qızlarımıza dəstək olacağıq. Çünki bu qızların futbola gəlişi və mütəmadi qaydada idmanla məşğul olması özlüyündə bir qoçaqlıq və cəsarət nümunəsidir".