Ağac kəsintisi ilə bağlı 4 milyon 25 min manat cərimə bu günədək ödənilməyib

15 Aprel 2014 17:41 (UTC+04:00)

Azərbaycanda qeyri-qanuni ağaç kəsən fiziki, hüquqi və vəzifəli şəxslər 4 milyon manata yaxın cəriməni ödəmək istəmir. Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. R. Mirzəyev bildirib ki, 80 nəfərə ağac kəsmə faktına görə cərimə kəsilib. Buna baxmayaraq həmin şəxslər bu günə kimi cəriməni ödəməyiblər: "Ağac kəsintisinin qarşısını almaq üçün Nazirliyin aidiyyatı şöbələrinin əməkdaşları buna qarşı mübarizə aparırlar. Amma reallıq göstərir ki, biz mübarizə aparıb ağacları qeyri-qanuni kəsənlərə qarşı iddialar qaldırsaq da, məhkəmə çəkişmələrinin bir faydası olmur. İndiyədək 4 milyon 25 min manat cərimə sanksiyasından 25 min 537 manatı ödənilib".

R. Mirzəyevin sözlərinə görə, məhəkmə qərarları icraata yönəldilmir. Məhkəmə icraçıları nədənsə bu qərarların təmin olunmasını, cərimələrin ödənilməsini təmin etmirlər: "Bunun nəticəsində 4 milyon manata yaxın cərimə sanksiyası ağaçları qeyri-qanuni kəsənlər tərəfindən bu günədək ödənilməyib".


R. Mirzəyev deyir ki, ağacların qeyri-qanuni kəsintisi ilə bağlı mübarizə tədbirlərinin effekt verməməsinin bir səbəbi də Nazirlər Kabinetinin 2000-ci ildə 42 saylı qərarına icra hakimiyyətlərinin və bələdiyyələrin məhəl qoymamasıdır: "Bu qərara görə qurumlar torpaq sahələrini tikinti işlərinin ekologiyaya təsirini qiymətləndirmək üçün ETSN ilə razılaşdırmalıdırlar. Amma buna əməl etmirlər".

Həmçinin R. Mirzəyev ağacların gecə kəsilməsi nəticəsində157 müraciətin edildiyini, bu günədək təqsirkarlarının hüquq mühafizə orqanları tərəfindən tapılmayıb.