Azərbaycan Müəllimlər İnstitutunda Əməkdar İdman ustası ilə görüş keçirilib

16 Aprel 2014 11:17 (UTC+04:00)

Əməkdar və Beynəlxalq dərəcəli İdman ustası, Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Rafiq Hacıyev məşqçilərin, ümumiyyətlə müəllimlərin yeniyetmə və gənclərin nəinki fiziki tərbiyəsinin formalaşmasında, ümumiyyətlə onların gələcəyinin müəyyənləşməsində rolundan danışıb. Movqe.az xəbər verir ki, aprelin 15-ə Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Əməkdar və Beynəlxalq dərəcəli İdman ustası, Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Rafiq Hacıyevlə görüş keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən institutun tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O qeyd edib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud şərait gənclərin məşğuliyyətinin, onların düzgün istiqamətdə inkişafının təmin edilməsinə böyük ehtiyac yaratmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gənclərlə bağlı qəbul edilən qərarlar da gələcək uğurların təməli oldu. Gənclərin müxtəlif sahələrə, o cümlədən idmana marağının artırılması, idmana qayğı göstərilməsi və onun inkişafına nail olunması ulu öndərin qətiyyətli siyasəti nəticəsində reallaşıb. Gənclərin məşğuliyyəti və fiziki tərbiyəsi sahəsində həyata keçirilən dövlət siyasəti məhz ulu öndərin qərarı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasından sonra planlı şəkildə icra olunub və hazırda Azərbaycan idman ölkəsi kimi tanınır.

Prorektor Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının rəhbərliyi ilə institutun idman zalında müasir tələblərə uyğun şəkildə yaradılmış şəraitin tədris prosesinə müsbət təsirindən, tələbələrin müxtəlif idman növləri üzrə əldə etdikləri nailiyyətlərdən də danışıb.

R.Sadıqov qonaqla bağlı tədbir iştirakçılarına geniş məlumat verərək deyib ki, 13 yaşından sərbəst güləşlə məşğul olmağa başlayan Rafiq Hacıyev 3 il sonra yeniyetmələr arasında resbublika birinciliyinin mükafatçısı olub. Bundan sonra daha böyük uğurlar qazanan idmançı SSRİ və Avropa çempionatlarının qızıl medalına layiq görülüb. Bir sözlə, 15-dən artıq ən mötəbər turnirdən mükafatçı olaraq qayıdan güləşçi məşqçi kimi də əvəzsiz xidmətlər göstərib və onun əməyi dövlət tərəfindən qiymətləndirilib.

İnstitutun Mülkü müdafiə, tibbi biliklərin əsasları və fiziki tərbiyə kafedrasının müdiri Hənifə Qurbanov məşhur idmançılarla görüşlərin təşkil edilməsinin əhəmiyyətindən. O, institutda təşkil edilən belə görüşlərin ənənə xarakteri daşıdığını bildirib. Prof. H.Qurbanov öz məşğuliyyətləri ilə məşhurlaşan insanların tələbələr üçün örnək ola biləcək həyat və karyeraya sahib olduqlarını qeyd edib: "Bədən Tərbiyəsi və İdman xadimi Rafiq Hacıyev məhz belə insandır. O, ixtisasca dəmiryolçu olsa da, sərbəst güləş üzrə böyük nailiyyətlər qazanıb. Öz mənalı ömrünün böyük hissəsini gənc nəslin sağlam və hərtərəfli inkişafına həsr edib. R.Hacıyevin respublikada bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasında, yeniyetmə və gənclərin kütləvi surətdə idmana cəlb olunmasında və o cümlədən daxili işlər orqanlarında fiziki hazırlıq üzrə fəaliyyətin təbliğində xidmətləri var".

Sonra tədbir iştirakçıları R.Hacıyevin idman uğurları, onun həyatının və idman karyerasının maraqlı anlarının öz əksini tapdığı videoçarx çox maraqla qarşılanıb.

Əməkdar və Beynəlxalq dərəcəli İdman ustası, Əməkdar Məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi R.Hacıyev çıxış edərək videoçarxdakı görüntülər barədə xatirələrini bölüşüb. O, güləşə həvəsindən, idman karyerasından danışarkən məşqçilərin, ümumiyyətlə müəllimlərin yeniyetmə və gənclərin nəinki fiziki tərbiyəsinin formalaşmasında, ümumiyyətlə onların gələcəyinin müəyyənləşməsində rolundan da danışıb: "Sərbəst güləşə olan marağım məni "Dinamo" İdman Cəmiyyətinə apardı. İdmana maraq göstərdiyim yeniyetməlik yaşımda mənə "səndən güləşçi olmaz" demişdilər. Bu hadisədən bir neçə il sonra texnikumda oxuduğum illərdə məşqçim olan Emin Ramazanov isə nəinki professional idmana həvəsimi qaytardı, hətta texnikumu bitirəndə artıq mən idman ustası idim".

İştirakçılar tərəfindən maraqla qarşılanmış görüşdə Əməkdar İdman ustası R.Hacıyev sonda tələbə və müəllimlərin onun idman həyatı ilə bağlı çoxsaylı suallarını da cavablandırıb.