YAP-ın "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın ilk iclası keçirilib

16 Aprel 2014 20:15 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) "Partiyalararası əlaqələr və dialoq komissiyası"nın ilk iclası keçirilib. Movqe.az-ın məlumatına görə, iclasda komissiyanın sədri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri və media nümayəndələrinin rəhbərləri iştirak edib.PA rəsmisi iclası giriş nitqi ilə açaraq deyib ki, faktiki olaraq ilk dədəfir ki, komissiya çərçivəsində Azərbaycan parlamentində təmsil olunan digər siyasi partiyaların sədrlərinin və nümayəndələrinin iştirakı ilə hakim partiyanın Partiyalararası əlaqələr üzrə komissiyasının iclasını keçiririk: "YAP öz gücünə, nüfuzuna, üzvlərinin sayına, partiyanın əsas rəhbər heyətinin hakimiyyətdə təmsil olunmasına, partiya sədrinin ölkə prezidenti olmasına və digər əlamətlərinə görə Azərbaycan cəmiyyətini idarə edən əsas aparıcı qüvvədir. Ona görə də bu partiyanın bütün ali orqanlarının toplantıları istər-istəməz cəmiyyətə təsir göstərir. Azərbaycan cəmiyyətinin səfərbər olmasında, yönəldilməsində, cəmiyyətdəki ayrı - ayrı qrup insanlar sosial və siyasi strukturlar arasındakı münasibətlərin nizama salınmasında bu özünü göstərir. Ona görə düşünürəm ki, bugünkü komissiyanın iclası da müəyyən məsələlər üzrə xoş mesajlar verəcək və biz gələcəkdə bütövlükdə cəmiyyətdə Partiyalararası münasibətin vahid strategiyasını müəyyən edəcəyik".Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev, deputat Fəzail Ağamalı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, Fərəc Quliyev və digərləri çıxış edərək komissiyanın iclasında müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, komissiyanın təkliflər planına aşağıdakı məsələlər daxildir:Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti haqqında məlumatların toplanması, təhlil edilməsi və ümumiləşdirilməsi;


Siyasi partiyalar və onların yerlibölmələri haqqında məlumat bazasının yaradılması;


Azərbaycan siyasi partiya sisteminin təhlil edilməsi, siyasi təşkilatların təsnifatının aparılması;


Vətəndaş cəmiyyətinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyalarla dialoqun və partiyalararası əməkdaşlığın genişləndirilməsi;


Cəmiyyəti narahat edən aktual mövzularla bağlı siyasi partiyalarla ikitərəfli və çoxtərəfli görüşlərin, konfrans və dəyirmi masaların təşkili;


YAP Gənclər Birliyinin və Qadınlar Şurasının digər iqtidaryönümlü partiyaların gənclər birlikləri və qadınlar təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulmasının təmin edilməsi;


Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;


Partiyalararası əlaqələr və dialoq məsələlərinə dair beynəlxalq təcrübənin öyrənilməsi;


Partiyalararası əməkdaşlıqla bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən siyasi partiyaların təkliflərinin öyrənilməsi;


Elektron və yazılı kütləvi informasiya vasitələrində partiyalararası əlaqələr və dialoq məsələlərinə həsr olunmuş materialların verilməsi;