Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) 18 atletimizi
diskvalifikasiya etməsi Azərbaycan millisinə növbəti zərbəni vurub.
Movqe.az saytının məlumatına görə, yığmamız böyüklər arasında
Avropa çempionatının ardınca yeniyetmələr arasında qitə
birinciliyinə də buraxılmayacaq. Buna İWF-nin cəzası səbəb olub.
Belə ki, komandamız Azərbaycan Ağır Atletika Federasiyası 500 min
avronu ödəməyənə kimi hər hansı bir yarışda iştirak hüququnu
itirib. Polşada aprelin 28-də start götürəcək qitə birinciliyi
Yeniyetmələrin II Olimpiya Yay Oyunlarına lisenziya xarakteri
daşıdığından millimiz Çinin Nanjinq şəhərinə vəsiqə qazanmaq
imkanını da əldən verib. Avropa atletləri üçün Olimpiadaya yeganə
lisenziya turniri olan çempionata buraxılmamaq isə bu yarışdan
kənar qalmaq deməkdir.
Qeyd edək ki, 2010-cu ildə Sinqapurda baş tutan ilk Olimpiadada
yeniyetmə idmançılarımız 5 qızıl və 3 bürünc medal qazanmışdılar.
Yarışda 1 atletlə təmsil olunan ağırlıqqaldırma yığmamız isə bu
qızıl medallardan birinə sahib olmuşdu. Həmin vaxt hazırda
Azərbaycan millisindən imtina edərək, Qazaxıstana üz tutan Nicat
Rəhimov (69 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.