Azərbaycana qarşı xəbis münasibət

18 Aprel 2014 19:41 (UTC+04:00)

Radikal müxalif qüvvələrin, onların nəzarətində olan bəzi QHT-lərin Azərbaycan milli maraqlarını pul müqabilində xaricə satmağa hazır olmaları heç kimə sirr deyil. Bunu təsdyiqləyən faktlar da azlıq təşkil etmir. Belə faktların ictimaiyyətə açıqlanması isə sözügedən qüvvələrin arxasında xaricilərin dayandığını tam çılpaqlığı ilə üzə çıxarır. Həmin xaricilər isə Azərbaycanda heç də həmişə sabitlik və inikşafın olmasını istəmirlər.

Qeyd edilənlər xüsusunda "virtualaz" saytında bu günlərdə Azərbaycan müxalifətçilərinə cəmi üç ABŞ fondu tərəfindən verilən 32 milyon dollar ayrılması barədə məlumatlar və açıqlanan digər hallar xüsusi diqqət cəlb etdi. Qeyd edək ki, burada səslənən fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar təkzib edərək ABŞ-la Azərbaycan strateji tərəfdaş olduğunu bildirdi. Lakin bu xüsusad adıçəkilən sayt "Azərbaycan inqilabı üçün daha 14 milyon dollar" başlıqlı növbəti araşdırma yazısında aşağıdakı haqlı sualları qoyur: "Səfirdən soruşmaq lazımdır: bu tərəfdaşlıq münasibətlərinin strateji xarakteri Azərbaycana nədə yardım edib? Vaşinqton bəlkə Qarabağ məsələsinin həllində bizə hansısa şəkildə kömək edib? Morninqstarın ATƏT-in Minsk Qrupundakı həmkarı, Azərbaycana zaman-zaman efemer "Filippin reseptləri" sırımağa çalışan, "erməni diasporunun aydın səsi" olan professor Xaçikyana (bunu özü belə deyib) qəribə şəkildə bəy tərifi vuran səfir Uorlikin yöndəmsiz bəyanatlarını nəzərə alanda bizi məmnun edəcək nəticəyə gəlmək çox çətindir.

Əksinə, ABŞ Morninqstarın sözü ilə desək, "öz strateji tərəfdaşı"nın qan verən yarasına izahedilməz laqeydliklə yanaşmaqda davam edir. ABŞ özünün bu laqeydliyi ilə Putin Rusiyasının müttəfiqi olan təcavüzkar Ermənistanla strateji tərəfdaşı olan suveren Azərbaycanın hüquqlarını eyni tutur. Eyni zamanda ABŞ bunu da anlayır ki, Əliyevin əlində saxlamağı bacardığı nailiyyət, yəni müstəqil Azərbaycan bu ölkəyə çox baha başa gəlib. Vaşinqtonun məntiqinə görə isə "Roma hər şeyə dözəcək, Senat isə ölkənin atasına təşəkkür etmək qərarı verəcək".

Strateji tərəfdaşın dövlətçiliyin kövrək əsaslarını sarsıdan daha bir "atalıq qayğısına" baxaq. Bunu axı Vaşinqtonda çox gözəl bilirlər ki, indiki status-kvonun, yəni sistemli sabitliyin və sosial sakitliyin qarantı prezident İlham Əliyevin şəxsi hakimiyyətidir. Siyasi sistem hətta azacıq da deformasiyaya uğrasa, bu, Azərbaycan üçün fəlakətli nəticələri olan kataklizmlərə, sonuncular da faciəvi sonluqlara gətirib çıxarar.

Səfir Morninqsatr və onun təmsil etdiyi Dövlət Departamenti bunu dərk edirlərmi? Yəqin ki, hə. Uzun-uzadı düşünməyə, dərin analizlər aparmağa ehtiyac yoxdur. Kremlin "jirinovskilər"in və "duqinlər"in timsalındakı planları, Azərbaycanı onların dilindən parçalanma ilə, federallaşma ilə, yeni etnik-siyasi münaqişələrin yaradılması ilə hədələməsi göz önündədir.

Vaşinqton vəziyyətin qızışdırılmasının siyasi fəlakətlə,- ilk növbədə də Qərbin maraqları və buradakı ABŞ sərmayələrinin toxunulmazlığı kontekstində,- nəticələnə biləcəyini təbii ki, başa düşməmiş deyil. Buna baxmayaraq ABŞ Əliyev hakimiyyətinin rəqiblərini də öz Milli Demokratiya İnstitutu (MDİ/NDİ) sayaq sistemli tətsisatları vasitəsilə pulla, platforma və "Molotov kokteyli" ilə silahlandırır. Səmimi dostlar və strateji tərəfdaşlar da heç belə hərəkət edərmi?!".

Sayt daha sonra belə maraqlı bir məqama diqqət çəkir: "Azərbaycan işğal olunmuş Ağdamdan rəsmi Bakıya tərəf tuşlanmış Putin tanklarının lülələrinə, "Hizbullah"ın və İslam İnqilabı Keşikçiləri Korpusunun intiharçı-döyüşçülərinin üzdə görünməyən, lakin həddən artıq real olan hədələrinə, tarixi bağlarla və sosiomədəni eyniyyətlə möhkəm bağlı olduğu yaxın qonşusu İranla münasibətlərin geridönməz şəkildə pisləşməsi riskinə baxmayaraq Vaşinqtona qucaq açır. ABŞ-la birgə beynəlxalq terrorçuluqla mübarizə üzrə bütün proqramlarda (Səddamdan Əsədə qədər!) iştirak edir. Öz hava məkanını ABŞ hərbi təyyarələrinin üzünə açır. ABŞ hərbi birləşmələrinin öz ərazisindən tranzit kimi istifadə etməyinə imkan verir. Amma bütün bunlara cavab olaraq qulağının dibindən "Molotov kokteyli" və permanent inqilablar hədə-qorxusu alır. Hanı məntiq?".

Daha sonra isə amerikalı səfirə maraqlı suallar ünvanlanır: " Amerika təşkilatı - öz proqram məqsədlərinə əsasən hər yerdə intellektual liderlik və innovasiya proqramları vasitəsilə pozitiv inkişafı yayan Beynəlxalq Araşdırmalar və Mübadilə Şurası (İREX) 2008-ci ildən 2013-cü ilə qədər 730 min manat məbləğində 29 qrant ayırıb.

Bu təşkilatın Azərbaycandakı nümayəndəsi Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların qalan hissəsinin mənbəyi böyük sual doğurur.

Və 730 min manat hansı intellektual liderliyə və innovasiya proqramlarına xərclənib? Bütün bu pullar müxalifətə və müxalifətə yaxın təşkilatlara axıb. Buyurun, cənab Morninqstar, həqiqətin üzərinə işıq salın və cavab verin görək, bütün bu maliyyə axınları niyə müxalifət strukturlarına gedib?".

Sayt qeyd edilənlərə konkret misal kimi göstərir ki, 2013-cü il seçkiləri ərəfəsində həmin Amerika strukturunun pulları qrant kimi "Turan" informasiya agentliyinə, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəylinin "Demokratik Jurnalistika Məktəbi" layihəsinə, hökumətin ən fəal tənqidçilərindən biri Emin Hüseynova (o, 275 min dollar məbləğində 5 qrant alıb", hökumətin digər tənqidçisi Rəşid Hacılıya (128 min dollar) və digərlərinə ayrılıb.


O d abildirilir ki, 2003-2013-cü illərdə Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi 4 razılaşma əsasında 588 min dollar alıb. Bu pullardan müxtəlif təşkilatlara cəmi 519 min dollar ayırıblar: №İndi diqqət yetirin, müxalifətçilər bu puldan nə qədər alıblar!

1) Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev və Ənnağı Hacıbəyli 91 min dollar alıb. 2) Rəşid Hacılı - 90 min dollar. 3) Ölkənin baş buqələmunu Sabir Rüstəmxanlının qardaşı, seçki ərəfəsində hökumətin üzərinə hücuma keçən Əlövsət Əliyev - 10 min dollar. 4) Və nəhayət, 2008 və 2013-cü il seçkilərinin baş tənqidçisi olan "Demokratiyanın tədrisi" qeyri-hökumət təşkilatı - 15 min dollar. Beləliklə, assosiasiya tərəfindən ayrılmış qrantların böyük hissəsi də müxalifətçilərin maliyyə rezervlərinə axıb".

Daha sonra Soros Fondu ilə bağlı olan "Revenue Watch İnstitute" 2006-2013-cü illərdə o, müxalifət yönümlü təşkilatlara 952 min manat ayırdığı diqqətə çatdırılır.

Bildirilir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən son illərdə Azərbaycan QHT-lərinə 8 milyon 200 min dollar və daha 93 min manat vəsait ayrılıb. Qeyd olunur ki, əvvəllər üstünlük ticarətə, kənd təsərrüfatına, iqtisadi artıma verilirdisə son illər USAİD siyasi layihələrin maliyyələşdirilməsinə diqqət yönəltməyə başlayıb: "Cənab Morninqstar, görəsən nədən? İki ölkə münasibətləri sistemində belə güclü dəyişən nədir ki, siyasi istiqamətə üstünlük verilir? Maraqlı tendensiyadır, elə deyilmi?"

Sayt daha sonra yazır: "Səfir Morninqstar Azərbaycan hökumətinin Amerikanın "Sülh korpusu" proqramı ilə əməkdaşlığı uzatmaqdan imtina qərarından çaş-baş qalıb. O, Azərbaycan KİV-lərinə açıqlamasında bu barədə danışıb.

2003-cü ildən başlayaraq həmin proqram çərçivəsində Azərbaycanda 500-dən çox könüllü fəaliyyət göstərib. Həmin dövrdə könüllülər əsasən kənd yerlərində işləyirdi və ingilis dilini tədris edir, mədəni körpülər yaradırdı.

Son vaxtlara qədər 108 könüllü ölkədə qalmaqda davam edir və yəqin ki, onlar da tezliklə ölkədən çıxarılacaqlar.

"Sülh korpusu" nədir? Bu suala müxalifətçi QHT-lərə 32 milyonluq qrant tranşından bəhs edən ötən məqaləmizdə qismən cavab vermişik. Ancaq hökumət amerikalı könüllülər tərəfindən pulsuz ingilis dili tədrisini nəzərdə tutan bu proqramı dayandırmağa niyə qərar verdi? Hərçənd etiraf etmək lazımdır ki, bu məsələdə günahın bir qismi də Xarici İşlər Nazirliyinin üzərindədir. Və baxın niyə.

"Sülh korpusu"nun Azərbaycandakı fəaliyyətinə dair çərçivə razılaşması iki ölkə hökumətləri arasında 9 oktyabr, 2003-cü ildə imzalanıb. Razılaşma Azərbaycanda 2004-cü il, yanvarın 13-də təsdiqlənib. Daha sonra Gənclər və İdman Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin Təhsil Nazirliyi "Sülh korpusu" ilə müvafiq memorandum imzalayıblar. Həmin sənədlərə əsasən nazirliklərin və "Sülh korpusu"nun nümayəndələrindən ibarət xüsusi məşvərət komitəsi yaradılmalı, bu komitə birgə layihələri planlaşdırmalı idi.

Komitənin əsas vəzifəsi layihələrə dair təklifləri işləyib hazırlamaq, onların həyata keçirilməsini monitorinq etmək və nəticələrini qiymətləndirməkdir.

Ancaq bizə məlum olmayan səbəblərdən bu komitələr heç yaradılmayıb. Ona görə də aydın deyil ki, hansı norma və qaydalara görə Azərbaycan amerikalı könüllüləri cəlb edib ölkənin müxtəlif künc-bucağında yerləşdirirdi? Üstəlik hansı regionun onlara daha çox lazım olduğunu da amerikalılar müəyyənləşdirirdi? … Belə əminlik var ki, gələn könüllülər ingilis dilinin tədrisi adı altında əslində informasiya yığır və sonra onu müvafiq analitik mərkəzlərə ötürürlər".

Daha sonra qeyd olunur ki, NED fondu, əksər eskpertlərin qənaətinə görə, Milli Demokratiya İnstitutu kimi ABŞ-ın kəşfiyyat xidmətləri ilə harmonik əlaqədə olan təşkilat Azərbaycanda özünün Avrasiya və Rusiya üzrə nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir: "10 il ərzində, yəni 2003-2013-cü illərdə fond Azərbaycan QHT-lərinə 3 milyon 500 min dollar həcmində 78 qrant ayırıb. Üstəlik bu subsidiyaların əsas hissəsi 2010-2013-cü illərdə ayrılıb - 2 milyon 300 min dollar. Fond əsasən müxalət yönümlü QHT-lərə, KİV-lərə və təsisatlara, o cümlədən inqilabçı gənclərin "Açıq Fikir Universiteti"inə, "Turan" agentliyinə və müxalifətçi "Obyektiv TV" internet telekanalına, Anar Məmmədlinin sədrlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə, Rəsul Cəfərovun bütün fəaliyyətini ABŞ-ın regiondakı əsas tərəfdaşı olan Azərbaycan hökumətini Avropa institutlarında gözdən salmağa həsr edən İnsan Haqları Klubuna, Könüllülərin Beynəlxalq Əməkdaşlıq Mərkəzinə (Elnur Məmmədov) və Leyla Yunusun Sülh və Demokratiya İnstitutuna, onlarla digər müxalifətçi birlikləyə pul ayırıb.

Doğrudanmı cənab Morninqstar bu barədə bilmir ki, ötən ilin yazında NİDA gənclər təşkilatı və bilavasitə MDİ təlimatçıları tərəfindən Fəvvarələr meydanındakı kütləvi iğtişaşlarda iştirak edən etirazçı gənclərin böyük hissəsi məhz həmin Amerika fondunun maliyyəsi hesabına maliyyələşən "Açıq Fikir Univrsiteti"nin divarları arasında təlim keçmişdi?". Daha sonr asayt yazır: "Dostlar və tərəfdaşlar belə hərəkət etmirlər... Bəlkə ABŞ-da dostluq anlayışını dostun öz uşaqlarını dostluq naminə qurban verməyi öz dostundan heç vaxt xahiş etmədiyini düşünən böyük Monten kimi qavramırlar?! Və əgər söhbət inqilabdan - təkcə dostlarını deyil, öz balalarını da yeyən inqilabdan gedirsə, ümumiyyətlə, dostluğun bura nə dəxli var?!"