“Azərbaycanın turist soraq kitabçası” fransızların ixtiyarına verildi

19 Aprel 2014 11:00 (UTC+04:00)
Fransanın www.petitfute.com internet portalında Azərbaycanın turuzm imkanlarından bəhs olunan "Azərbaycanın turist soraq kitabçası" başlıqlı məqalə dərc olunub.

Movqe.az Azertac-a istinadən xəbər verir ki , məqalədə Azərbaycanın İpək yolunun üzərində, şərqlə qərbin, qədimiliklə müasirliyin arasındakı yerləşdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycanla bağlı fransız dilində bələdçi kitabı elə tərtib olunub ki, bu ölkəyə səyahət edənlər heç bir çətinlik çəkmədən onun tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə edə bilsinlər. Kitabçadakı 200 başlıq alıtnda verilən yazılarda ölkəmiz barədə hərtərəfli məlumatlar yerləşdirilib.

"Azərbaycana xoş gəlmişsiniz" başlıqlı yazıda XlX əsrin sonları və XX əsrin əvvəllərində neft sənayesinin inkişafı sayəsində paytaxt Bakıda mühüm quruculuq işlərinin aparıldığı, Avropa tipli yeni binaların inşa edildiyi haqda fransız oxucularına ətraflı məlumat verilib.

Bakı şəhərinin Xəzər dənizinin sahilində yerləşdiyini diqqətə çatdırılan məqalədə son dövrlərdə paytaxtda müasir üslubda dünyada analoqu olmayan möhtəşəm binaların tikildiyi, bərpa işlərindən sonra daha da yaraşıqlı olan dənizkənarı bulvarın sakinlərin sevimli istirahət guşəsi olduğu, müasir tipli çimərliklərdə turistlərin istirahəti üçün hər cür şəraitin yaradıldığı, turizm imkanlarının genişləndiyi və ölkəmizlə daha yaxından tanış olmaq üçün müxtəlif marşrutlar tərtib edildiyi bildirilib.

Materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi, 1994-cü ildə atəşkəs barədə razılıq əldə olunduğu, tarixi abidələrlə zəngin Naxçıvanın erməni blokadasında olduğu qeyd edilib.

Fransız oxucularına, xüsusilə ölkəmizə səfər etmək istəyən fransız turistlərinə dəniz və dağlar ölkəsi kimi təqdim olunan Azərbaycanın ərazisi, dövlət quruluşu, əhalisinin sayı və tərkibi, dövlət dili, dini etiqadı, pul vahidi, iqtisadiyyatı, siyasəti, iqlim şəraiti, incəsənəti, muğam musiqisi, zəngin milli mətbəxi, mehmanxanaları, tarixi abidələri barədə geniş məlumat verilib.

Azərbaycanda ipəyin 4500 il bundan əvvəl istehsal olunduğu diqqətə çatdırılan məqalədə xalçaçılıq, misgərlik və dulusçuluq kimi sənətlərin də qədim dövrlərə təsadüf etdiyi, şərabçılığın 7 min ildən artıq yaşı olduğu bildirilib, zərdüştlüyün tarixindən bəhs olunub, Şəki, Gəncə, Quba, Lənkəran və digər şəhərlərdən bəhs edilib.

Soraq kitabçası fransızların ölkəmiz haqqında ətraflı məlumata malik olması və onların turust səfərləri etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Portalda ölkəmizin turizm imkanlarını əks etdirən çoxsaylı şəkillər də yer alıb.

Materialın tam mətni ilə www.petitfute.com/p154-azerbaidjan/guide-touristique internet resursunda tanış olmaq mümkündür.