Müdafiə naziri Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimindən danışdı
20 Aprel 2014 15:00 (UTC+04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov Naxçıvan Muxtar Respublikasında
keçirilən irimiqyaslı hərbi təlimlərdən danışıb. Movqe.az ANS
PRESS-ə istinadən xəbər verir ki , Cəmşid Naxçıvanski adına Hərbi
Lisey Gününə həsr olunmuş təntənəli mərasimdə çıxış edən nazir,
blokada şəraitində yaşayan Naxçıvanın dinamik sürətlə inkişaf
etdiyini və etibarla qorunduğunu deyib:
"Digər bölgələrimizdə olduğu kimi bu qədim və
yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir,
qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə
xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş
tapşırığını yerinə yetirməyə bizə imkan
verir".
Qeyd edək ki, bir neçə gün bundan öncə, 2014-cü
ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası
Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası ərazisində
genişmiqyaslı hərbi təlimlər keçirilib. Azərbaycan Respublikasının
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə
keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə
və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə
sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri,
o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb
olunub.
Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində
yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi
yoxlanılıb.
Təlimdə döyüş texnikalarının, həmçinin müasir
silahların tətbiqi imkanları öyrənilib, tapşırıqların daha operativ
və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən
əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın
təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif
mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması
səviyyəsinə xüsusi diqqət yetirilib.