Rusiyanın "Mir" telekanalının verdiyi məlumata görə, son zamanlar əcnəbilər Azərbaycanda villa və bağ evləri almağa xüsusi həvəs göstərməyə başlayıblar. Bu məqsədlə əsas etibarı ilə Novxanı və digər bu kimi ərazilərə əcnəbilər daha çox maraq göstərməyə başlayıblar. Belədə son dövrlər Bakıda bağ evlərinin qiymətlərində nəzərə çarpacaq bahalaşmalar müşahidə olunur. Həmin ərazilərdə 1 sot torpağın qiyməti 4-5 min dollar arasında var-gəl edir.
Görəsən, əcnəbilərin Bakıətrafı ərazilərdə villa almaq marağı nədən irəli gəlir? Hansı amillər əcnəbiləri bu prosesə meylləndirib? Belə bir vəziyyət mənzil bazarında qiymətlərin kəskin artmasına rəvac verməyəcək ki?
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin eksperti Rövşən Talıbzadə öncə qeyd etdi ki, əcnəbilərin Azərbaycanda villa almaları heç də kütləvi xarakter daşımır: "Onu deyim ki, xarici ölkə vətəndaşlarının ölkəmizdə villa və bağ evi almalarına kütləvi şəkildə rast gəlinmir. Olsa-olsa bu proses özünü fərdi şəkildə bir sıra məkanlarda göstərə bilər. Bu da hansısa bir turist istirahət zonaları ilə bağlı ola bilər". Həmsöhbətimizə görə, əcnəbilər yəqin ki, turist məkanlarına investisiya yatırmaq istədiklərindən həmin ərazilərdə villa və bağ evi almağa girişiblər: "Görünür, bəzi xaricilər turist məkanlarımızda investisiya yatırmaq istəyir, buna görə də həmin ərazilərdə villa almağa başlayıblar. Azərbaycanda son illər gedən iqtisadi yüksəliş amilləri də xaricilərin ölkəmizə investisiya maraqlarını artırır. Bizim araşdırmalarımıza görə əcnəbilərin ölkəmizdə villa və bağ evi alması prosesi məhz istirahət və turizm zonalarına düşür". Lakin R.Talıbzadə heç də düşünmür ki, xaricilərin ölkəmizdə villa almaları bu sahədə qiymət artımlarına təkan versin: "Bu prosesin qiymət artımına təsiri, demək olar ki, yox dərəcəsindədir. Daşınmaz əmlakla bağlı qiymət artımına təsir edən amillər arasında çoxsaylı digər faktorlar var. Düzdür, əcnəbilərin Azərbaycanda villa alışına girişməsi də burada öz sözünü deyir. Amma əsas söz sahibi də deyil. Hazırkı isti aylarda turizm məkanlarında qiymətlərin bahalaşması sırf mövsümi amillərlə bağlıdır".
Müstəqil ekspert Akif Nəsirov isə bu qənaətdədir ki, əcnəbilərin ölkənin turist məkanlarında villa almağa başlamaları heç şübhəsiz "Eurovision" mahnı müsabiqəsi dövründə aparılan təbliğat kampaniyası və xaricilərin buranın təbiətilə tanış olmalarının nəticəsidir: "Əcnəbilərin ölkəmizdə villa və bağ evləri almağa külli miqdarda pul yatırmaları barədə informasiyanı verən "Mir" telekanalının nəyə istinadən bu fikrə gəldiyini deyə bilmərəm. Adətən əvvəllər Azərbaycana gələn xaricilər əsasən iş adamları olub. Onlar da əsasən, yaşayış üçün şəhərin mərkəzini seçiblər. Amma bununla yanaşı, hamıya bəllidir ki, şəhərin mərkəzi hissəsində havanın çirkli, mənzillərin məhdud sahəyə malik olması, səs-küyün çox olması həmin ərazidə yaşayışın onlar üçün heç də ürəkaçan olmadığını deməyə əsas verir. Buna baxmayaraq, həmin əcnəbilər əvvəllər iş yerlərinə yaxınlıq baxımından şəhərin mərkəzindəki hündürmərtəbəli yayayış evlərini seçirdilər. Hazırda isə ola bilsin "Eurovision" mahnı müsabiqəsi dövründə Bakıya gələn turistlər ölkənin təbii mühitinə görə burada istirahət məqsədilə villa və bağ evləri almağa girişib. Bu səbəbdən də indi Bakı ətrafı ərazilərə üstünlük verməyə başlayıblar". O da əcnəbilərin bu addımının villa və bağ evlərinin qiymətinin bahalaşmasına təsir edəcəyi qənaətində deyil: "Lakin bir məsələ var ki, Azərbaycanda əmlak bazarının monitorinqini aparan şirkətlərin hesabatlarında əcnəbilərin ölkəmizdə villa və bağ evləri almağa can atmaları məsələsi elə də diqqət çəkən məqam kimi qabardılmayıb. Yəni xaricilər tərəfindən villaların alınması prosesi ümumi alqı-satqı işində o qədər də əhəmiyyətli çəkiyə malik deyil. Ona görə də hesab edirəm ki, əcnəbilər tərəfindən turist məkanlarında villaların alınmasının hələ ki, Azərbaycanın əmlak bazarı prosesinə güclü bir təsiri yoxdur". Həmin prosesin villa və bağ evlərinin qiymətlərinə təsirinə gəldikdə, A. Nəsirov da əcnəbilərin bu addımının bahalaşmaya hər hansı ciddi təsirinin olacağını düşünmür: "Əcnəbilər hətta villa və bağ evi almağa girişsələr də, Azərbaycanın mənzil bazarında durğunluğun kəskin olması səbəbindən nəzərə çarpacaq aktivləşmə qeydə alınmayıb. Qarşıdakı aylarda da hazırkı tendensiyaya əsasən düşünmək olar ki, belə bir aktivləşmə gözlənilmir. Aktivləşmə yoxdursa, deməli bəzi əcnəbinin villa almağa həvəslənməsilə bu sahədə hər hansı bir qiymət bahalaşmasının olacağını zənn etmirəm. Cari ilin sonuna qədər inanmıram ki, əcnəbilərin sözügedən addımı əmlak bazarında qiymət prosesinə təsir etsin".