Heydər Əliyev Fondu ilə Vatikan arasında razılaşma imzalanıb
23 İyun 2012 11:02 (UTC+04:00)
Ötən gün Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında
"Roma katakombalarının bərpasına dair Saziş" imzalanıb. Sənədi
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və Roma Papasının Müqəddəs Arxeologiya üzrə
Şurasının sədri kardinal Can Franko Ravazi imzalayıblar.
İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə kardinal Can Franko
Ravazi Mehriban xanım Əliyevaya Romaya bu səfərinə və görüşə görə
təşəkkürünü bildirdi. Görüşün səbirsizliklə gözlənildiyini deyən
kardinal onun xüsusi əhəmiyyətini qeyd etdi. Kardinal Ravazi, bu
gün imzalanacaq sənədin dinlər və mədəniyyətlər arasında dialoqun
parlaq nümunəsi olduğunu və İtaliya mətbuatında geniş əks-səda
doğuracağını vurğulayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva görüşdən məmnunluq
duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı
əlaqələrin əhəmiyyətini diqqətə çatdırdı. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, 20 ili tamam olan
diplomatik əlaqələrimiz gündən-günə genişlənir və Azərbaycan bu
əməkdaşlığın inkişafında daim maraqlıdır.
Sonra imzalanma mərasimi oldu. Mərasimdə Mehriban xanım Əliyeva
çıxış etdi.