79 min 570 nəfər paytaxt sakinində xəstəlik aşkarlanıb

22 Aprel 2014 18:43 (UTC+04:00)

Paytaxtda əhalinin dispanserizasiyası ilə bağlı keçirilən tədbirlər zamanı tibbi müayinədən keçən 1 milyon 20 min 221 nəfərdən 79 min 570 nəfərində xəstəlik aşkarlanıb. Bu məlumatı Movqe.az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev verib. R. Nağıyev bildirib ki, dispanser qeydiyyata 18 min 440 nəfər götürülüb. 4 min 378 nəfər paytaxt sakini isə xəstəxanaya yerləşdirilib. R. Nağıyev paytaxt sakinlərində aşkarlanan xəstəliklərin əsasən əsəb-sinir sistemi, həzm mədə-bağırsaq,  göz, tənəffüs yolları xəstəlikləri olduğunu söyləyib: "Paytaxtda qeydiyyatda olan 2 milyon 300 min əhalinin 1 milyon 567-i böyük, yəni yaşı 18-dən yuxarı olanlardır. Onlardan hələki 1 milyon 20 min 221 nəfər nəfəri dispanserizasiya çərçivəsində tibbi müayinədən keçib. 169 min 161 nəfər əlavə müayinələrə cəlb olunub. Amma dispanserizasiya tədbirləri may ayınadək davam edəcək. Paytaxtda yaşayan əhali arasında dispanserizasiyada iştiraka xüsusi fəallıq nümayiş olunur. Bakı sakinləri tibbi müayindən keçərək sağlamlıqları barədə məlumatlandırılırlar. Eyni zamanda məsləhət alırlar. Bakıda əhalinin dispanserizasiyası yüksək səviyyədə təşkil olunub. Çalışırıq ki, müayinəyə gələn bütün paytatx sakinləri lazımi müayinələrdən keçərək ehtiyac olarsa müalicəyə cəlb olunsunlar".

 R. Nağıyev dispanserizasiya tədbirləri zamanı aparılan müalicə nəticəsində 4 min378 nəfərin sağlamlığına qovuşduğunu, sağaldığını söyləyib.