Gülər Əhmədovanın məhkəməsi təxirə düşdü
23 Aprel 2014 13:50 (UTC+04:00)
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq
deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmənin bu günə təyin
olunan baxış iclası təxirə salınıb. Hakim Əflatun Qasımov Gülər Əhmədovanın vəkillərindən biri
Fazil Nemətovun məhkəməyə teleqram göndərərək prosesə qatıla
bilməyəcəyini bildirdiyini deyib. Onun sözlərinə görə, bu, vəkilin
başqa bir prosesə qatılması ilə bağlıdır. F. Talıbov prosesin onun iştirakı olmasan keçirilməməsini,
təxirə salınmasını xahiş edib.
Gülər Əhmədova özü, digər vəkillər Əfsər Talıbov
və Lətif Ağayev də hakimdən prosesin təxirə salınmasını istəyiblər.
Hakim xahişləri nəzərə alıb, proses aprelin 25-dək təxirə alınıb.
Xatırladaq ki, fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru
Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı
videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova
barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il
müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə
cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi
fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti,
himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə
tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı
qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya
şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi
ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin
istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin
vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış
iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət
olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış
iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib.
Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən
istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən
dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış
iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də
dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından alınaraq, hakim
Əflatun Qasımovun icraatına verilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan
sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə)
və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə)
maddələri ilə təqsirləndirilir.