Əhməd Davudoğlu: “Suriya Türkiyə təyyarəsini beynəlxalq hava məkanında vurub”
24 İyun 2012 14:40 (UTC+04:00)
Suriya Hava Hücumundan Müdafiə Qüvvələri
Türkiyə hərbi təyyarəsini beynəlxalq hava məkanında vurub və
təyyarə Suriya ərazi sularına düşüb.
APA-nın məlumatına görə, bu barədə
iyunun 24-də TRT-yə müsahibəsində Türkiyənin xarici işlər naziri
Əhməd Davudoğlu bildirib.
Nazir deyib ki, kəşfiyyat təyyarəsinin uçuşu milli radarın
funksiyasının yoxlanılması məqsədi ilə təlim və test xarakterli
olub, Suriyanın əleyhinə yönəlməyib. Ə. Davudoğlu təyyarənin
göyərtəsində heç bir silah olmadığını da bildirib.
Nazir deyib ki, Türkiyə təyyarəsinin uçuşu barədə Suriya tərəfi
əvvəldən məlumatlı olub: "Suriya bilirdi ki, təyyarə Türkiyəyə
məxsusdur".
Ə. Davudoğlu onu da bildirib ki, Suriya tərəfi atacağı addım barədə
təyyarə heyətini xəbərdar etməyib: "Halbuki beynəlxalq
qanunvericilik bunu tələb edir".
Baş vermiş insidentin ciddi nəticələrinin ola biləcəyini qeyd edən
nazir artıq 15 ölkədən olan həmkarı, həmçinin BMT baş katibi ilə
baş verənlərə dair telefon danışıqları apardığını söyləyib. O,
Ankaranın vəziyyət barədə NATO-nu da məlumatlandıracağını
vurğulayıb.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "RF-4E" tipli
kəşfiyyat təyyarəsi iyunun 22-də Aralıq dənizi üzərində Suriya
tərəfindən vurulub. Təyyarənin qalıqları və iki pilotunun
axtarışları davam etdirilir.