Şimaldan gələn təhlükə

26 Aprel 2014 08:17 (UTC+04:00)
"Güman ki, Ukraynadan sonra Putin Dağlıq Qarabağ və Latviya ilə məşğul olmağa başlayacaq". Bunu rusiyalı politoloq Stanislav Belkovski deyib. Putinin Latviyada Rusiya meyilli qüvvələrin hakimiyyətə gətirə biləcəyini ehtimal edən politoloq bu addımla Kremlin həmin regionda dayaq əldə edəcəyini qeyd edib.
Bununla belə S.Belkovski Putinin eyni ssenarini Estoniya və Litvada gerçəkləşdirə bilməyəcəyini vurğulayıb: "Düşünürəm ki, NATO ölkələrinin ərazisində Putin Ukraynada kimi hərəkət edə bilməyəcək".
Azəraycanlı siyasi analitiklər isə rus politoloqun fikirlərinə fərqli münavsibət bəsləyirlər. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, Rusiya-Ukrayna münasibətlərinin gərginləşməsinə qarşı hələlik Qərb, xüsusi ilə ABŞ lazımi cavabı verməyib və ya verə bilmir: "Bu məsələdə Rusiyanın ilkin görünüşdə daha üstün mövqedə olması psixoloji olaraq həm rus siyasətçilərini rahatladır, həm də onların bu siyasətinin davam etməsinə təhrik edir. Son zamanlar Rusiyanın Krım, Şərqi Ukrayandan sonra Dağlıq Qarabağ üzərində yeni bir siyasət keçirəcəyi haqqında müxtəlif fikirlər səsləndirirlir. Bunların nə qədər dəqiq olmasına şübhə ilə yanaşmaq lazımdır. İndiyə qədər Rusiya rəsmiləri bu barədə ciddi bəyanat səsləndirməyiblər. Amma Rusiyanın keçmiş sovet coğrafiyası məkanına doğru siyasəti dəyərləndirildiyi zaman bunun olaca biləcəyi ehtimalı var. Çünki Rusiya Krımı ilhaq edərkən və Ukrayna ilə münasibətləri gərginləşərkən Avropa ilə sərhəd bir ölkədə problemin üzərinə getmiş oldu. Məsələni müəyyən dərəcədə Rusiyanın milli mənafeyi çərçivəsində həll etdi. Dnestryanı problemi Avropa sərhəddində ikinci bir cəbhənin açılması kimi Rusiyanın xarici siyasətindəki manevr imkanlarını məhdudlaşdıra bilər. Bu baxımdan Rusiya Cənubi Qafqaz və ya Orta Asiyada belə siyasətin davam etdirilməsi istiqamətində müəyyən işlər görə bilər. Amma Rusiya hələ Ukrayna məsələsində tam nəticə əldə etməyib. Kremlin Qərb, xüsusi ilə ABŞ qarşısında siyasi cəhətdən üstün mövqedə olması bu günə qədər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların elə də ciddi nəticə verməməsi ilə nəticələnib və Moskvanın mövqeyini gücləndirib. Rusiya bənzər ssenariləri postsovet ölkələrində təkrarlaya bilər".
Digər politoloq Qabil Hüseynli isə hesab edir ki, bu bəyanatlar Kremlin diqtəsi ilə Azərbaycana psixoloji təzyiq göstərmək üçün edilən səylərdir: "Doğrudur, Qarabağ məsələsində Rusiyanın mövqeyi bəllidir. Onun əlində olsa, Qarabağın və ermənilərin istədikləri işləri görmək üçün hər yola gedər. Amma indi beynəlxalq şərait ona münasibdirmi, Rusiya istədiyini etməyə imkan tapacaqmı? Güman ki, yox. Qarabağ məsələsi Moskvanın planları sırasına aid ola bilər. Amma Moskvanın bu işə cürət edəcəyini güman etmirəm. Çünki indinin özündə Rusiya Şərqi Ukrayna məsələsində addım ata bilmir. Atsa da, özü üçün çətin yola qədəm qoyacaq. Yəni, Ukrayna məsələsinə görə hələ Rusiyanın başı çox dərdlər çəkəcək. Çətin ki, Rusiyanın başı bu işlərdən ayılsın. Latviya, Moldova haqqında da belə sözlər deyirlər. Rusiya qarşısında duran bu vəzifələrin həll edilməsi üçün müəyyən müddətdən sonra Kremlin lazımi taqəti, siyasi iradəsi, geosiyasi imkanları olmayacaq".
Hələlik isə Rusiya qoşunları Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında manevrlərini davam etdirir. Ukraynanın müdafiə naziri Mixail Koval bununla bağlı bildirib: "Aprelin 24-də sərhədin bilavasitə yaxınlığında müəyyən manevrlər oldu. Biz reaksiya verdik. Dövlət sərhədinə 1 kilometrə qədər yaxınlaşma faktı qeydə alındı". M.Kovalın sözlərinə görə, Rusiya qoşunları Ukrayna sərhədlərini keçməyib. O, Ukrayna ordusunun vətəni qorumağa hazır olduğunu deyib.