“Mən həmişə Dağlıq Qarabağ üzrə Alt Komitənin yaradılmasına qarşı çıxmışam və bu fikrimdə qalıram”

25 İyun 2012 15:53 (UTC+04:00)

"Bu həftə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcəyəm. Onlarla Dağlıq Qarabağ üzrə Alt Komitənin vəziyyətinə dair fikir mübadiləsi aparacağam və birgə qəbul edəcəyimiz qərarlar təsdiqlənməsi üçün AŞPA Bürosuna göndəriləcək".

Bu sözləri bu gün AŞPA-nın sədri Jan-Klod Minyon qurumun yay sessiyası çərçivəsində jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.

"Büronun adından danışmaq istəməzdim, bu məsələ ilə bağlı şəxsi fikrim ondan ibarətdir ki, mən sözügedən Alt Komitənin Assambleyadakı fəaliyyətinin tərəfdarı olmamışam. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Minsk Qrupu məşğul olur və bu istiqamətdə müəyyən işlər aparır. Bu münaqişənin həll olunmasında mən tamamilə Minsk Qrupunun apardığı fəaliyyətə etibar edərdim. Amma fikrimcə Minsk Qrupu da daha çox və daha səmərəli fəallıq göstərməlidir. Bununla belə, eyni məsələnin həllində fərqli-fərqli strukturların sayının artırılmasında zərurət görmürəm. Yəni belə həssas məsələnin həllində bir neçə strukturun fəaliyyəti çaşbaşlıq yarada bilər. Minsk Qrupunun fəaliyyətinə inanıb-inanmadığımızdan asılı olmayaraq, bu qurum bu gün bu münaqişənin həlli ilə məşğul olur. Şəxsən özümə gəldikdə, bu Alt Komitə yarandığı vaxtdan ona qarşı çıxmışam və indi də bu məsələ ilə bağlı fikrimi dəyişdirməmişəm. Amma bir də deyirəm, bu mənim şəxsi fikrimdir və bu nə Assambleyanın Bürosunun, nə də bütövlükdə Avropa Şurası Parlament Assambleyasıənın mövqeyi deyil. Və Büro mənim mövqeyimdən fərqli bir qərar qəbul edərsə, mən AŞPA sədri kimi bu qərara hörmətlə yanaşacaq və onun həyata keçirilməsinə çalışacağam"