Separatçılar ATƏT üzvləri ilə bağlı şərt qoydu

28 Aprel 2014 20:06 (UTC+04:00)

Ukraynada müşahidə missiyasını həyata keçirən ATƏT nümayəndələrini girov götürən separatçılar beynəlxalq qurum üzvlərinin dəyişdirilməsini təklif ediblər. Movqe.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, Donetsk vilayəti Slavyansk şəhərində separatçıların liderləri açıqlamalarında bildiriblər ki, girov götürülən ATƏT-in müşahidə missiyasının üzvləri qondarma "Donetsk Xalq Respublikası"nın Ukrayna hüquq-mühafizə orqanları tərəfindən tutulan fəalları ilə dəyişdirilə bilərlər. Qondarma qurumun Slavyansk şəhərinin meri Vyaçeslav Ponomarev isə bəyan edib ki, müavini İqor Perepaeçaenkonun azad edilməsini tələb edir. Onun sözlərinə görə, İqor Perepaeçaenko Moskvadan qayıdarkən Donetsk aeroportunda Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. V. Ponomarov deyib ki, ATƏT-in əməkdaşları özlərini yaxşı hiss edir və təzyiqlə üzləşmirlər. O bildirib ki, rəsmi Kiyev maraqlı olarsa vilayətin Qarlovka şəhərində tutulan tərəfdarları ilə ötən gün girov götürülən UTX zabitləri ilə dəyişdirilə bilər. Xatırladaq ki, UTX üç zabiti qondarma "Donetsk Respublikası"nın separatçıları tərəfindən girov götürülüb. Biri polkovnik-leytenant, digərləri isə mayor və kapitan olan zabitlər UTX-nin "Alfa" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarıdır. Separatçılar girov götürülən hüquq-mühafizə orqanının əməkdaşlarına işgəncə veriblər. Bu Rusiya telekanallarının yaydığı görüntülərdə də öz əksini tapıb.