25 İyun 2012 20:15 (UTC+04:00)
Son günlərdə
həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam
Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik
vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa
edilib.
Onlardan ümumilikdə 25 kiloqrama yaxın narkotik vasitə aşkar
edilərək götürülüb. Bu barədə APA-ya Milli
Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən
daxil olan məlumatda bildirilib.
Məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı - Orucov Ruslan
Arif oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam
Respublikasının Rəsul adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış
məqsədilə külli miqdarda narkotik vasitəni gömrük sərhədindən
gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycan
Respublikasının Cəlilabad rayonunun ərazisinə gətiriblər. Müəyyən
edilib ki, 2012-ci ilin may ayında Ruslan Orucov İran İslam
Respublikasının Germi şəhərinə gedib, orada tanışı Rəsul adlı
iranlı ilə görüşmüş və ona 3 min ABŞ dolları ödəyərək 2 kiloqram
tiryək sifariş verib. Rəsul həmin narkotik vasitəni İrandan qaçaq
yolla Azərbaycan Respublikasının Cəlilabad rayonunun ərazisinə
keçirmiş və gizlədərək bu barədə Ruslan Orucova məlumat verib.
Ruslan Orucov da həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş
gizli yerdən götürərək Bakı şəhərinə gətirərkən saxlanılıb, baxış
nəticəsində ondan 1 kiloqram 750 qram tiryək aşkarlanıb.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində
narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan
Respublikasının vətəndaşları - Kazımov Cavid Əliməmməd oğlu və
Həmidov Şahbaz Əvəzağa oğlu saxlanılıb. Müəyyən edilib ki, Cavid
Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla
araşdırılan İranın Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq
satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik
vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə
İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun ərazisinə
gətiriblər. Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri
istiqamətində gizli daşıyarkən yaxalanıb, keçirilmiş baxış zamanı
onlardan 14 kiloqram 859 qram tiryək aşkar edilərək
götürülüb.
MTN-in həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində
narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan
vətəndaşları - İsayev Babək Abasxan oğlu, onun qardaşı İsayev Kənan
Abasxan oğlu və Səfərov Aris Əjdər oğlu yaxalanıblar. Məlum olub
ki, Babək və Kənan İsayevlər, eləcə də Aris Səfərov və hazırda
şəxsiyyəti istintaqla araşdırılan İranın Məhərrəm adlı vətəndaşı
qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri
külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük
nəzarətindən kənar keçirməklə İran istiqamətindən
Azərbaycan Respublikasının Yardımlı rayonunun Arvana kəndinin
ərazisinə gətiriblər. Qrupun üzvü Babək İsayev əvvəlcədən əldə
edilmiş razılığa əsasən qardaşı Kənan İsayevdə saxlanılan həmin
narkotik vasitənin bir hissəsini Bakı şəhərinə daşıyarkən Salyan
rayonu ərazisində yaxalanıb, baxış zamanı ona məxsus idman
çantasından 6 kiloqram 765,9 qram tiryək aşkar edilərək
götürülüb.
Eyni vaxtda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
Kənan İsayev Yardımlı rayonunda, Aris Səfərov isə Şirvan şəhərində
saxlanılıblar. Aris Səfərovun yaşadığı evə keçirilmiş baxış
nəticəsində 1 kiloqramdan artıq tiryək aşkar edilərək
götürülüb.
MTN-in həyata keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində uzun
müddət hüquq mühafizə orqanlarından yayınmağa müvəffəq olan
Azərbaycan vətəndaşı Quliyev Fikrət Rəsul oğlu Bakı şəhərində
saxlanılıb, keçirilmiş baxış nəticəsində onun üzərindən külli
miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq
götürülüb.
İyun ayının 22-də həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində
Azərbaycan vətəndaşları - Əliyev İrmak Məhəmməd oğlu və Ələsgərova
Fizzə Məhərrəm qızı saxlanılıblar. Keçirilmiş baxış nəticəsində
onlardan külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq
götürülüb. Müəyyən edilib ki, İrmak Əliyev, Fizzə Ələsgərova və
hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Fuad adlı
vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə
etdikləri külli miqdarda narkotik vasitəni qaçaq yolla İrandan
Azərbaycana gətirib.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan
əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin
qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə
etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri
başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində
cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan
tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam edir.