Yeraltı sular çökmə təhdidini artırır

1 May 2014 19:17 (UTC+04:00)

Bakının Nobel prospektində çökən ərazidə sürüşmənin əhatə dairəsinin genişlənməsi artıq başqa ehtimalları da gündəmə gətirdi. İlkin olaraq çökmənin yeganə səbəbi həmin ərazidə kollektorda baş verən su sızıntısı göstərilmişdi. Ancaq çökmə davam etdiyindən yeraltı suların da buna səbəb ola biləcəyi barədə fikirlər səslənir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirdi ki, həmin sahədə çökməyə səbəb hidroloji amillərdir: "Yəni, yeraltı sulardan yaranır. İkincisi də Sovetlər İttifaqı dağılandan sonra həmin ərazidə olan zavodların, fabriklərin yeri dəyişdirildi. Yeraltı borular çəkirlər. Bu da boşluq yaradır. Həmin boşluğa görə də çökmə əmələ gəlir".

Ekoloqun fikrincə, bundan sonra da çökmənin davam etmə ehtimalı var: "Bu, həmin boşluqlarla əlaqədardır. Günü-gündən də bir metrostansiyası çəkilir. Çökmə tam yerini tutana qədər davam edəcək. Prosesin qarşsını almaq qeyri-mümkündür. Gərək ora tonlarla beton vuraq. Ümumi əraziyə beton vurmaq da düzgün deyil. Bu, külli miqdarda vəsait deməkdir. Həm də biz çökmənin haradan başladığını bilmirik".

Coğrafiya institutunun "Eko-coğrafiya" şöbəsinin müdiri, professor Ənvər Əliyev isə hesab edir ki, həmin ərazidə yeraltı sular olsaydı, çökmə prosesi çoxdan baş verərdi: "Çökmə indiyə qədər də davam edərdi. Orada möhkəm əhəng daşları yerləşir. Abşeron yarımadasında əhəng daşları çoxluq təşkil edir. Əhəng daşları möhkəm qabıqdan olsaydı, su elə də təsir etməzdi. Yəqin ki, orada böyük qalınlıqda yüngül fraksiyalı çökmə süxurlar var. Eyni zamanda Bakı şəhərinin kanalizasiya xətlərində problemlərin olduğununu hamımız bilirik. Köhnədən qalmış kanalizasiya xətləri bu qədər əhaliyə uyğun gəlmir. Həmin süxurların da çox karbonatlıdır. Quru iqlimdə olduğuna görə karbonatlar çoxdur. Karbonat isə dəmirlə reaksiya girən mühitdir və dəmiri yeyir. Yəni, belə proses ola bilər. Nəticədə dəmir borularda sızmalar baş verə bilər. Xətlərdə olan təzyiq nəticəsində də yuyulma sürətlənir. Çünki, çökmə süxurlar yuyulmaya meyllidirlər. Su xətlərinin uzunmüddətli istismarı həm də süxurların dəmirlə dərhal reaksiyaya girməsinə görə xətlərdə sızmalar ola bilir. Normal şəriatdə 50 il qalan dəmirin karbonatlı mühitdə ömrü çox azalır".

Professor bildirdi ki, həmin ərazi çökmə süxurlarla zəngin sahədir: "Yüngül fraksiyalı qumsal torpaqlardır. Onların yuyulmaya meyllidirlər. Xırda su axarsa və təzyiq çox olarsa, daha sürətlə yuyulma gedir. Düzdür, Qafqaz dağlarından gəlib-keçən su layları Bakıda toplanır. İçəri şəhərdə, Azərbaycan Dövlət Dram Teatrının altında su axınları müşahidə olunur. Onlar dənizə axır. Ancaq belə təbii axınlar orada olsaydı, çoxdan yuyulma baş verərdi. Hazırda sürətlə çökmə və davam etməsi su-kanalizasiya sisteminin olan problemlərdəndir".

Xatırladaq ki, aprelin 21-də Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb. Hazırda ərazidə geoloji kəşfiyyat işləri aparılır. Son məlumatlara görə isə sözügedən ərazidə bir neçə gün əvvəl başlayan çökmə prosesi daha da intensivləşərək iki hərəkət zolağını əhatə edib. Əraziyə "Azəryolservis" və "Azərsu" ASC-lərin, Yol Patrul Xidmətinin əməkdaşları fəaliyyət göstərir. Yolun hər iki hissəsi avtomobillərin hərəkəti üçün bağlanıb. İş icraçılarından verilən məlumata görə, aparılan araşdırmalar zamanı yolda çökməyə səbəb olan kanalizasiya kollektorunun ümumi sahəsi müəyyən olunub. Bundan sonra xüsusi texnikanın köməyi ilə həmin kollektorun qurudularaq betonlaşdırılması işinə başlanacaq.