Bakı Metropoliteni: "Bizdə günah yoxdur"

1 May 2014 11:41 (UTC+04:00)
"Həftə ərzində Bakı Metropolitenindəki qatarlarda 10-dan çox nasazlıq olur. Təkcə ötən həftə qatarlarda 21 nasazlıq qeydə alınıb". Bunu ANS PRESS-ə Bakı Metropolitenindən bildiriblər. Hazırda Bakı Metropolitenində 200-dən çox vaqon var. Son 10 il ərzində 166 yeni vaqon alınıb. Ümumiyyətlə hazırda Bakı Metropolitenində işlək marşurutun sayı 47-dir. 

"Belə texniki nasazlıqlar yaranan zaman, istər-istəməz qatarların hərəkətində yubanma olur. Nasaz qatarı xətdən çıxarıb, depoya göndərmək üçün dəmir yolu boşaldılır. Bu da bir neçə dəqiqə vaxt itkisinə səbəb olur. Bu da metropoliten işçilərinin günahı deyil", - deyə metropolitendən bildirilib.

Qeyd edək ki, bu gün də Bakı Metropolitenində sərnişinlər problem yaşayıb. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, bu gün səhər saatlarında "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. Nasazlıq qatarın orta vaqonunda baş verib. 

Qatarlardakı sərnişinlər boşaldılıb. Bu səbəbdən qatarların hərəkətində ləngimələr olub və sərnişin sıxlığı yaranıb.