Uşaqların cinsi inkişafı yoxlanılacaq
1 May 2014 11:57 (UTC+04:00)
Azərbaycanda icbari dispanserizasiya zamanı
uşaqların yaşlarına uyğun hansı müayinələrin aparılacağı
müəyyənləşdirilib. Nazirlər
Kabinetindən Movqe.az-a verilən
məlumata görə, "Uşaqların icbari dispanserizasiyasının həyata
keçirilməsi Qaydası", "Dispanserizasiyadan keçiriləcək uşaqlara
göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları"
təsdiqlənib. Həmin sənədlərə əsasən,
uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq
vəziyyəti nəzərə alınaraq həyata
keçirilir. Təhsil alan uşaqların
tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə, cəzaçəkmə
müəssisələrində olan uşaqların icbari dispanserizasiyası isə
Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir.
İcbari dispanserizasiya zamanı
həkim-mütəxəssislər, əsasən, uşaqların daxili orqanlarının
vəziyyətini, fiziki inkişafını, qamətin əyilməsi, dişlərdə
kariyesin əmələ gəlməsi, danışıqda defekt kimi halları aşkar
etməli, arterial təzyiqi yoxlamalıdırlar. Həkimlər 7-8-ci siniflərdən başlayaraq uşaqlarda zərərli
adətlərin olub-olmaması hallarını müəyyən etməli, cinsi inkişafa
nəzarət etməlidirlər. Dispanserizasiya
planına uyğun olaraq xəstə və xəstələnmə riski olan uşaqların tibbi
göstərişə əsasən ambulator və ya stasionar müalicəsi təşkil
olunur.
Uşaqların icbari dispanserizasiyasının həyata
keçirilməsi ilə əlaqədar ayrılan vəsaitin icrasının monitorinqi
Səhiyyə Nazirliyi tərəfindən aparılır.