Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir?
1 May 2014 23:31 (UTC+04:00)
Cari ilin aprelinin 13-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclasda ölkəmizin qarşısında duran
bir sıra mühüm məsələlərlə bağlı fikirlərini bildirən dövlət
başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də
toxundu. Prezident İlham Əliyev başda BMT və ATƏT olmaqla bir çox
beynəlxalq təşkilatların konfliktlə bağlı davam edən ikili
standartlar siyasəti həyata keçirdiklərini, Azərbaycan torpaqlarını
işğal edən Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"na
qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilmədiyini
vurğuladı. Prezident eyni zamanda qondarma rejimin nümayəndələrinin
xarici dövlətlərə səfər etməsindən bəhs edərkən qeyd etmişdi: "Nə
üçün qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərləri
sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar
tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə
də biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz
səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin
rəhbərlərindən xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ
Respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə buraxmasınlar. Onlara
qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz
telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim
əleyhimizə istifadə edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı
ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada
"nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün? Hesab edirəm,
vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq
şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu
qədər ədalətsizliyə dözmək mümkün deyildir".
Beynəlxalq hüququn prinsiplərinə etinasız
yanaşma
Prezident İlham Əliyevin toxunduğu bu məsələyə nəzər yetirdikdə
həqiqətən də Avropa dövlətlərinin bəzilərinin qondarma "Dağlıq
Qarabağ Respublikası"nın nümayəndələrinə viza verdikləri,
ölkələrində onların nümayəndəliklərinin açılmasına səssiz
qaldıqlarını görmək mümkündür. Halbuki üzdə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən, sərhədlərin toxunulmazlığı, insan hüquq və
azadlıqlarının pozulmaması kimi beynəlxalq hüququn fundamental
prinsiplərini müxtəlif lokal, regional və beynəlxalq konfranslarda
vurğulayan dövlət və hökumət başçıları öz fikirlərində sistemli bir
yanaşma göstərmirlər. Bu da Azərbaycanın haqlı narazılığına səbəb
olur. Təəssüf ki, konfliktin ilkin vaxtlarında BMT-nin qəbul etdiyi
822, 853, 874 və 884 saylı qətnamələrin icrası hələ də təmin
olunmayıb. Beynəlxalq birlik nədənsə bu qətnamələrin mövcudluğunu
qəbul etsə də, onların icrasını Ermənistandan tələb etmir. Qeyd
etmək lazımdır ki, qondarma "Dağlıq Qarabağ Respublikası" Xocalı
hava limanını istifadəyə vermək istərkən də ABŞ-dakı ermənipərəst
senatorlar bu təşəbbüsü dəstəkləyərək, Azərbaycanın haqlı olaraq
buna etiraz etməsini insanların səyahət azadlığını
məhdudlaşdırdığını bildirmişdi. Qəribə burasıdır ki, hələ İraq ABŞ
tərəfindən işğal edilmədən İraqın şimalında "uçuşa qadağan edilmiş
bölgə" təsis edilmişdi və yüz minlərlə İraq vətəndaşının öz
ölkəsinin bir hissəsindən digər hissəsinə getməsi əngəllənmişdi.
ABŞ və Avropa İttifaqı Suriya, İran və Belarusa iqtisadi və siyasi
sanksiyalar tətbiq edərək bu dövlətlərin rəsmilərinin xaricə
çıxışlarını da məhdudlaşdırmışdır. Bildirmək lazımdır ki, son
zamanlarda Ukrayna böhranı müstəvisində Rusiyaya da bənzər
sanksiyalar tətbiq edilir. Bu sanksiyalar hər hansı məhkəmə qərarı
ilə deyil, ABŞ-ın istəyi ilə həyata keçirilir. Bu, dövlətlərin
daxili hüququna və beynəlxalq hüquqa ziddir. ABŞ və tərəfdaşları bu
cür sanksiyaları tətbiq edərkən guya bu dövlətlərin bölgə və
beynəlxalq təhlükəsizliyi təhdid etdiklərini, terrorizmi
dəstəklədiyini xüsusilə vurğulayırlar. Bu gün Ermənistan regional
və beynəlxalq təhlükəsizliyə heç bir dəstək vermir. Ermənistan
beynəlxalq terrorizmlə mübarizədə heç bir böyük dövlətləri
dəstəkləmir. Ermənistan yeganə dövlətdir ki, bölgədə terrora dəstək
verir və Azərbaycanın Dağlıq Qarabağ regionunda terrorizmi yayır,
Cənubi Qafqaz bölgəsində sabitliyi və təhlükəsizliyə təhdid
yaradır. Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağda
narkotik, silah qaçaqmalçılığı, terrorist yetişdirməklə məşğuldur.
Xatırladaq ki, 2011-ci ilin mart ayının 8-də Bako Saakyan Fransa
Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar İnstitutunun
Parisdə təşkil etdiyi "1994-cü il atəşkəsindən sonrakı 17 il: bu
gün DQ nəyə nail olmuşdur?" adlı beynəlxalq konfransda iştirak
edib. Konfransda məruzə edən Saakyan Dağlıq Qarabağ probleminin
tarixinə, xarici siyasətinə və qondarma "DQR"-in beynəlxalq
ictimaiyyət tərəfindən tanınması məsələlərinə münasibət bildirib.
Qondarma "DQR"-in tarixi haqqında məruzə edərkən Saakyan məlum
ifadələr işlədərək tarixi yenə də saxtalaşdırıb. Problemin həlli
istiqamətində ATƏT-in Minsk Qrupunun və digər vasitəçi dövlətlərin
mövqelərinə açıqlıq gətirən Saakyan problemin sülh yolu ilə həll
olunmasından yana olduqlarını, ancaq bunun gerçəkləşmədiyi təqdirdə
özlərinin müstəqilliyini və təhlükəsizliyini qoruyacaq bacarığa
sahib olduqlarını bildirib. Digər bir fakt isə 2011-ci il 8
noyabrda Almaniyanın Köln şəhərinə səfər edən Saakyan həmin gün bu
şəhərdə yaşayan ermənilərin nümayəndələri və iş adamları ilə
görüşərək, qondarma "Dağlıq Qarabağ respublikası"nda həyata
keçirilən müxtəlif sosial-iqtisadi proqramlar barədə məlumat verib.
Keçirilən görüşlərdə Ermənistan və qondarma "Dağlıq Qarabağ
Respublikası"nın problemləri müzakirə edilib və Köln erməni
diasporasının bu problemlərin həll edilməsi istiqamətində
görəcəkləri işlər barədə fikir mübadiləsi aparılıb. Səfər zamanı
Ermənistan KİV-ləri Saakyanın AFR-in qanunvericilik orqanına səfəri
və onun "bir qrup deputat və ekspertlə" görüşü barədə məlumat da
yayıb. Məlumatın müəllifləri Ermənistan cəmiyyətini inandırmağa
çalışırlar ki, guya həmin görüşdə "ikitərəfli münasibətlər" və
"Azərbaycan-Qarabağ" münaqişəsinin tənzimlənməsi məsələləri
müzakirə edilib. Məsələ ilə bağlı Almaniya Bundestaqının deputatı
Karl-Georg Velman AzərTAc-a verdiyi müsahibəsində "Erməni tərəfinin
verdiyi məlumatlar yanlışdır! Nə "deputatlar qrupu", nə də
"ekspertlərlə" görüş keçirilmişdir. Eləcə də, heç bir "ikitərəfli
münasibətlər" müzakirə edilməmişdir... Orada aydın şəkildə
bildirmişəm ki, Almaniya Federativ Respublikası ilə ikitərəfli
münasibətlərdən, eləcə də, hər hansı bir statusun tanınmasından
söhbət belə gedə bilməz" deyərək bu anlaşılmazlığa aydınlıq
gətirib. 2011-ci il noyabrın 10-da Saakyan İsveçrəyə, həmin ilin 17
noyabrında ABŞ-a səfər edib. Görüşlər zamanı, əsasən, qondarma
"Dağlıq Qarabağ Respublikası"nın daxili-siyasi həyatı və
iqtisadiyyatı ilə bağlı məsələlər və problemin nizamlanması
məsələsi müzakirə edilib. Ötən il isə Bako Saakyan Fransa və ABŞ-a
səfər edib, bu ölkədəki erməni diaspor nümayəndələri və
siyasətçiləri ilə görüşüb. Bütün yuxarıda qeyd olunanlar təkcə
qondarma rejimin nümayəndəsinin lobbiçilik və diaspora sahəsindəki
aktivliyini deyil, eləcə də həmin dövlətlərin Dağlıq Qarabağ
münaqişəsinə münasibətdə ikili standartlar nümayiş etdirdiyini
göstərir. Belə ki, bir çox hallarda tanınmamış, qeyri-leqal bir
qurumun nümayəndəsi ilə müxtəlif dövlət şəxslərinin birbaşa və ya
dolayı görüşləri və müəmmalı fikir mübadiləsi prosesləri baş
verir.
Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar
tətbq edilməlidir
Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğala məruz qalmış,
20 faiz torpaqları işğal edilmiş Azərbaycan öz səsini dünya
ictimaiyyətinə daha intensiv şəkildə çatdırmalı, təbliğatı daha da
gücləndirməli, Ermənistanın işğalçılıq siyasətini, terrorçuluq
fəaliyyətini, təxminən 1 milyon insanın qaçqınlıq problemini Avropa
dövlətlərinin və xüsusilə də ATƏT Minsk Qrupu həmsədr dövlətlərinin
ictimaiyyətinə daha geniş şəkildə çatdırmalıdır. Bu arada
Ermənistana iqtisadi və siyasi sanksiyalardan danışan zaman bu
işğalçı ölkəyə qarşı gələcəkdə tətbiq edilə biləcək sanksiyalardan
da danışmaq yerinə düşər. Zənnimizcə, ilk növbədə erməni lobbisinin
xaricdə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıtmaq
istiqamətində səylərinin qarşısı beynəlxalq birlik tərəfindən
alınmalıdır. ATƏT-in Minsk Qrupunun üzvləri və həmsədr dövlətlər
beynəlxalq hüququn prinsiplərinin real həyatda tətbiqinin üzərində
çalışmalıdırlar. Qondarma soyqırımı və qondarma rejimin beynəlxalq
təşkilatlarda və dövlətlərdə tanıdılması istiqamətində Ermənistan
fəaliyyətindən çəkilməli və beynəlxalq təşkilatların bu məsələdə
prinsipial mövqeyi olmalıdır,. Dağlıq Qarabağ münaqişəsində əli
azərbaycanlı qanına bulanmış erməni dövlət rəsmilərinə qarşı Avropa
İttifaqı, ABŞ və eləcə də Minsk Qrupu üzvləri olan dövlətlər viza
sanksiyası tətbiq etməlidirlər. Hesab edirik ki, digər maraqlı bir
məqam Ermənistanın regionda sahib olduğu Metsamor Atom-Elektrik
Stansiyasının bağlanması istiqamətində region dövlətləri və
beynəlxalq birliyin səy göstərməsinin vacibliyidir. Cənubi Qafqazda
təhlükə ocağı olan Metsamor AES Ermənistan və bölgə üçün böyük
texnogen qəzanın mənbəyidir. Bu istiqamətdə Azərbaycan Prezidenti
Cənab İlham Əliyevin çağırışları da mühüm əhəmiyyət kəsb edir.
Zənnimizcə, bu AES-in bağlanması Ermənistana qarşı iqtisadi
müstəvidə tətbiq edilə bilən addımlardan biri ola bilər. Eyni
zamanda Minsk Qrupunun həmsədr üzvləri konfliktin real həlli üçün
mümkün variantlar üzərində işləməli və prinsipial yanaşma ortaya
qoymalıdırlar. Təəssüf ki, bu gün həmsədrlərin aktivliyi yalnız
internet üzərində qısa mesajların və fikirlərin yazılması ilə
məhdudlaşıb.