Əlimizdən gələni edirik ki, Azərbaycan və Ermənistan nümayəndə heyətlərini bir araya gətirək

26 İyun 2012 09:00 (UTC+04:00)

"Bu yaxınlarda Azərbaycan prezidentinin fərmanı ilə Assambleyamızın bir neçə sənədlərində adları hallanan şəxslərin böyük bir hissəsi həbsdən azad edilib.

Hesab edirəm ki, bu addım Azərbaycanda demokratiyanın inkişafı üçün çox mühümdür və eyni zamanda, Azərbaycan-Avropa Şurası arasında gələcək inkişafındakı münasibətlərinə də çox müsbət təsir edəcək". Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyət planının müzakirəsi zamanı çıxışında deyib.

Səməd Seyidov Avropa Şurasının Suriya, Misir, İraq və digər ölkələrlə bağlı fərqli-fərqli problemlərlə yaxından maraqlandığını xatırladıb: "Lakin bununla yanaşı, biz Avropa Şurasının öz daxilindəki başlıca problemlərə də nəzər salmalıyıq. Bizim təşkilatımızda bir çox belə problemlər mövcuddur. Bunlardan biri və ən mühümü Dağlıq Qarabağ münaqişəsidir. Biz Azərbaycan tərəfi olaraq, əlimizdən gələni edirik ki, Avropa Şurası daxilində Azərbaycan və Ermənistan nümayəndə heyətlərini bir araya gətirək. Lakin erməni tərəfinin siyasi iradəsi çatışmazlığından bu dialoqun gerçəkləşməsi mümkünsüzləşir".

Səməd Seyidov AŞPA-nın təsis etdiyi Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətsiz olduğunu bildirib: "Belə bir şəraitdə dialoq vasitəsilə qarşılıqlı etibar mühitinin yaradılması necə mümkün ola bilər ki? Biz burada bu dialoqun yaradılması üçün hazırıq və hər dəfə Avropa Şurasını, xüsusən də AŞPA-nı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün erməni tərəfini bu dialoqa dəvət etməyə çağırırıq. Bu, Avropa Şurasının tam hüquqlu üzvü olan hər iki ölkənin gələcək münasibətləri üçün çox vacibdir. Biz öz tərəfimizdən belə bir dialoqun yaradılmasına tərəfdarıq və hesab edirəm ki, bu, Avropa Şurası üçün də çox vacibdir".