Bakıda Dünya Kuboku start götürdü (FOTO)
4 May 2014 00:13 (UTC+04:00)
Bu gün saat 16:00-da Bakıda, Dövlət Bayrağı
Meydanı yaxınlığında İdman Dırmanması üzrə Dünya Kuboku yarışının
açılış mərasimi keçirilib.
Movqe.az xəbər verir ki, yarışın açılışında
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX)
prezidenti Hüseyn Bağırov Azərbaycanda idman dırmanması üzrə
keçirilən bu beynəlxalq tədbir münasibətilə bütün iştirakçıları
təbrik edib və yarışa qatılanlara uğurlar arzulayıb. O qeyd edib
ki, Azərbaycanda İdman Dırmanması üzrə Dünya Kuboku yarışının
növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin idman şöhrətindən xəbər
verir və ölkə idmanı tarixində önəmli hadisədir.
Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC)
nümayəndəsi Qremi Alderson isə çıxışında Azərbaycanda bu beynəlxalq
yarışın keçirilməsi üçün yaradılan şəraitdən razı qaldığını və
yarışa hazırlıq səviyyəsinin beynəlxalq standartlara tam cavab
verdiyini deyərək, Azərbaycanın Gənclər və İdman Nazirliyinə və
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına
minnətdarlığını bildirib. Qonaq həmçinin gələcəkdə bu idman növünün
Azərbaycan gəncləri arasında daha da populyar olacağına inandığını
vurğulayıb.
Açılış mərasimindən sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib və mərasim bədii hissə
ilə davam etdirlib. Daha sonra tədbir qadın atletlərin boulderinq
idman növü üzrə təsnifat yarışı ilə davam edib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı yaxınlığında
açıq havada quraşdırılmış dırmanma divarlarında baş tutan yarış
növbəti gün kişi və qadın atletlərin çətinlik və sürət üzrə
yarımfinal və final mərhələləri ilə davam edəcək.
Xatırladaq ki, dünyanın 22 ölkəsindən (Amerika
Birləşmiş Ştatları, Kanada, Rusiya, Yaponiya, Çin, Avstraliya,
Almaniya, İtaliya, Norveç, İspaniya, İngiltərə, Niderland,
Avstriya, Polşa, Çexiya, Türkiyə, İran, Gürcüstan və s.) 150-yə
yaxın idmançının iştirak etdiyi beynəlxalq yarışda ölkəmizi
FAİREX-dən olan 6 oğlan və 4 qız olmaqla 10 idmançı təmsil
edir.