Şəkidə milli atüstü oyunlar festivalı başlayıb
4 May 2014 11:00 (UTC+04:00)
Şəki rayonundakı Respublika Atçılıq Turizm Mərkəzində ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti milli atüstü
oyunlar festivalı keçirilir.
Movqe.az xəbər verir ki , Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətindən verilən məlumata görə, mayın 7-nə kimi davam edəcək
festival çövkən, sürpapaq, papaq və atüstü güləş oyunları üzrə
təşkil ediləcək.
Ümummilli liderin xatirəsinə həsr olunmuş yarışda Bakı, Şəki,
Ağdam, Ağstafa, Ağcabədi, Balakən, İsmayıllı, Qax, Qəbələ, Laçın,
Oğuz, Yevlax, Xaçmaz, Zaqatala və Goranboy rayonlarından gəlmiş
komandalar iştirak edir. İlk oyun Şəki və Ağcabədi komandaları
arasında baş tutub. Oyun 4-2 hesabı ilə Ağcabədi komandasının
xeyrinə başa çatıb. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin
diplom və pul mükafatları ilə təltif olunacaq.
Qeyd edək ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin ayrılmaz
hissəsi olan atüstü milli oyunların qorunub saxlanılması, qədim
tarixə malik atçılıq ənənələrinin bərpası və gənc nəsildə bu sahəyə
marağın artırılması məqsədilə keçirilən festival 2006-cı ildən
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilir.