Obama Putinin çılpaq sinəsindən danışdı
4 May 2014 19:00 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarında prezidentlə jurnalistlərin Ağ Evdə
ənənəvi naharı bu il də gülməli məqamları ilə yadda qalıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak
Obama jurnalistlər qarşısında çıxışı zamanı özünün irəli sürdüyü
səhiyyə planı da daxil olmaqla, bir sıra məsələlər ətrafında
zarafat edib: "Biz səhiyyə planı hazırladıq, amma hər şey daha
yaxşı gedə bilərdi. 2008-ci ildə mənim şüarım "Bəli, biz bacararıq"
cümləsi idi. 2013-cü ildə isə "control-alt-delete" ifadəsi
oldu."
Barak Obama təqdim etmək istədiyi videoyazının açılması ilə bağlı
problemin yaşanmasını da zarafat mövzusu edib. Obamanın köməyinə
elə səhiyyə planının internet səhifəsində problemlərlə bağlı istefa
verən Ketlin Sebelius gəlib. "Mən düzəldərəm. Onsuz da vərdiş
etmişəm belə problemlərə" - deyə, Ketlin Sebelius zarafat edib və
bu, jurnalistlərin gülüşünə səbəb olub.
Barak Obama ötən 1 il ərzində mətbuatda qarşılaşdığı yazılar
içərisində birini xüsusilə qəribə hesab etdiyini deyib. "Ötən il
bir neçə məşhur jurnalist Nobel Sülh Mükafatının Putinə verilə
biləcəyini yazmışdı. Başa düşürəm, son vaxtlar bu mükafatı, demək
olar ki, hər yoldan ötənə verirlər, amma yenə də bu xəbər mənə
qəribə gəldi. Putinin çılpaq sinəsindən yazan sanballı jurnalistlər
də məni təəccübləndirdilər" - deyə, Barak Obama bildirib.
Qeyd edək ki, Ağ Evdə artıq ənənə halına çevrilmiş prezidentlə
jurnalistlərin naharı bu il də jurnalistlərlə yanaşı, hökumət
rəsmilərinin, siyasətçilərin və media simalarının axınına səbəb
olub və gecədən əldə edilən gəlir xeyriyyə məqsədilə təhsilə
xərclənib.