Hindistan hakimiyyəti müsəlmanların qətlinə ordu ilə reaksiya verdi

4 May 2014 21:02 (UTC+04:00)
Hindistan hakimiyyəti ölkənin şərqində yerləşən Assam ştatına ordu yeridib. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, buna səbəb bölgədə 32 müsəlman sakinin qətlə yetirilməsi olub. Polis artıq 20-dən çox şübhəlini saxlayıb. 

Bodo tayfasına məxsus yaraqlılar həmin müsəlmanları qeyri-qanuni olaraq, qonşu Banqladeşdən Hindistana keçməkdə və onların torpaqlarını zəbt etməkdə ittiham edərək, kütləvi halda güllələyib. Hazırda Assam ştatında komendant saatı tətbiq edilib. 

Yerli hüquq-mühafizə orqanının məlumatına görə, qətlə yetirilənlərin azı 8-i qadın, 8-i isə uşaqdır. 

Son 30 ildə Hindistanın Assam ştatında 10 mindən çox insan öldürülüb. Onların əksəriyyəti dinc sakindir.