Məlum olduğu kimi. Bakıda və digər iri şəhərlərdə "yaşıl market"lərin yaradılması nəzərdə tutulur. Artıq Bakıda ilk ixtisaslaşdırılmış "yaşıl market"in tikintisinin maliyyələşdirilməsi barədə də qərar qəbul olunub. Bu cür marketlərin sayının artırılması da planlaşdırılır. "Yaşıl marketlər"in ərsəyə gəlməsi isə kənd təsərrüffatı yarmarkalarını sıradan çıxara bilər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid
Məhərrəmov məsələ ilə bağlı bildirib: "Yaşıl market"lərin
yaradılması ilə bərabər, kənd təsərrüfatı məhsullarının sistemli
istehsalını həyata keçirmək lazımdır. Fermerlərin istehsal
etdiyi məhsulu gəlib birbaşa sahəsindən qəbul edən tədarükçülər
olmalıdır. Və onlar kifayət qədər çox olmalıdırlar ki, fermer üçün
seçim yaransın. Hansı sərfəli olarsa, məhsulunu ona satsın.
Və yaxud da birbaşa təsərrüfatında satmaq üçün yer ayrıla bilər.
Eyni zamanda fermer hər hansı marketlə də müqavilə bağlayıb
məhsulunun bir hissəsini ora da sata bilər. Bu gün fermerin
sahəsi çox kiçikdir, seçimi yoxdur. Ona görə də ölkədə istənilən
halda "yaşıl market"lərdə də, satış yarmarkalarında da xaricdən
idxal olunan kənd təsərrüfatı məhsulları daha çox satılır.
Ona görə ki, həmin məhsul artıq bu sahə ilə məşğul olan sahibkarlar
üçün lazımi şəkildə təqdim olunur. Yəni, mal əvvəlcədən
qablaşdırılır, anbara vurulur və məhsulu formalaşdırmağa ehtiyac
qalmır. Bizdə yeganə böyük bağlar Quba, Xaçmaz regionlarında var
ki, ordan nəsə alıb gətirmək olar. Təsəvvür edin ki, 4-5 sot kiçik
sahədə kəndlilər kənd təsərrüfatı məhsulu istehsal edirlər. Kəndli
ilə söhbət aparmaq lazımdır ki, bu nə qədər maşının məhsulunu
formalaşdırıb yığıb gətirə bilər. Ona görə də bizim tədarükçülər
məhsulu öz fermerlərimizdən almır, gedib digər ölkələrdən
gətirilmişləri alırlar.
Onlara digər ölkələrdən gətirmək daha asandır, nəinki bizim fermerlərdən yığıb, qablaşdırmaq, daşımaq və s. Bu, həm baha başa gəlir, həm də vaxt aparır. Ona görə də istehsalı qaydaya salmaq lazımdır. İstehsal sistemli şəkilə düşərsə, müasir tələblərə cavab verərsə, məhsul keyfiyyətli olarsa, məhsulun maya dəyəri ucuz olarsa, onun alıcısı istənilən qədər olacaq. Ona görə də məncə problem yalnız Bakıda "yaşıl market"lərin yaradılması ilə həll olunmur. Əsaslı şəkildə kənd təsərrüfatı məhsulunun istehsalını həyata keçirmək lazımdır".
Yuxarıda qeyd olunduğu kimi, "yaşıl
market"lər çoxaldıqca yerlərdə təşkil edilən kənd təsərrüfatı
yarmarkaları sıradan çıxa bilər. Lakin Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Mövqe.az
saytına açıqlamasında bunun yarmarkalara heç bir təsiri olmayacağıı
bildirdi: "Yaşıl market"in yaradılması bu işə mane olmayacaq.
Yarmarkaların təşkili əvvəlki kimi mütəmadi olaraq davam
etdiriləcək. Mövsümlə əlaqədar yarmarkalarda təkmilləşmə gedəcək.
Və yarmarkalar əhaliyə məlum olan ünvanlarda keçiriləcək. Son
vaxtlar format da dəyişir. Yarmarkalarda hava şəraiti ilə bağlı
məhsullar örtülü şəkildə saxlanılırdısa, indi tez xarab
olmasın deyə, xüsusi şəraitdə saxlanılacaq. Ümumiyyətlə,
heyvandarlıq məhsullarının da, məsələn, quş ətinin, tez xarab olan
məhsulların saxlanması üçün yarmarkalarda təkmilləşmə işləri
gedəcək. Və dediyim kimi, yarmarkaların mütəmadi olaraq Bakı
şəhərində məlum ünvanlarda təşkil edilməsi davam edəcək".