Azərbaycanla Türkiyə arasında TANAP layihəsi ilə bağlı saziş imzalanıb
27 İyun 2012 11:25 (UTC+04:00)
Bu gün Türkiyə və Azərbaycan
arasında daha bir tarixi saziş imzalanıb. APA-nın Türkiyə müxbirinin verdiyi
məlumata görə, Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin
reallaşdırılması haqqında TANAP Layihə Şirkətində təşkilati
məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və
energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii
ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq
Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk
imzalayıblar.
Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında
"Ev sahibi hökuməti müqaviləsi"ni Türkiyənin enerji və təbii
ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in
prezidenti Rövnəq Abdullayev imzalayıb.
İki ölkə arasında əsas hökumətlərarası müqaviləni isə Azərbaycan
prezident İlham Əliyev və Türkiyənin baş nazir Rәcәb Tayyib Әrdoğan
imzalayıblar. Müqaviləni Azərbaycanın sənaye və energetika naziri
Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner
Yıldız da imzalayıblar.
İmzalama mərasimində sonra çıxış edən Rәcәb Tayyib Әrdoğan deyib
ki, bu layihələr iki ölkə arasında dostluq və qardaşlıq
münasibətlərinin təzahürüdür. O bildirib ki, bu layihə Türkiyəni
qardaş dövlət tərəfində enerji ilə təmin olunmasına, Ankaranın
Şərq-Qərb enerji dəhlizində güclü söz sahibinə çevrilməsinə, həm də
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mövqeyinin
güclənməsinə xidmət edəcək.
Ərdoğan bildirib ki, bu layihəyə Xəzərin
qərb sahilindəki ölkələrin qoşulması ilə 50 milyard kubmetr qaz
nəqlinə nail olmaq lazımdır.
Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib
ki, Azərbaycan və Türkiyənin həyata keçirdikləri layihələrin
təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri
dayanır. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı siyasi
münasibətlərin dünyada örnəyi yoxdur.
Prezident vurğulayıb ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycanın
maliyyə və texniki imkanları hesabına reallaşacaq. Beş il müddətinə
başa çatması nəzərdə tutulan TANAP-ın tikintisinin layihə dəyəri 7
milyard dollardır.