Qəza zamanı əzilərək istifadəyə yararsız hala düşən avtomobillər əsasən yol kənarlarında, xüsusən də post-patrul xidmət məntəqələrinin yanında yığılıb qalır. Bu, həm insanlara psixoloji cəhətdən mənfi təsir edir, həm də bir tərəfdən səliqəsiz görüntü yaradır. Bir çox ölkələrdə belə avtomobillərin toplandığı xüsusi yerlər olur. Və yaxud da onların tezliklə utilizasiyası həyata keçirilir ki, belə maşınlar toplanıb qalmasın. Ölkəmizdə də bu kimi tədbirlərin görülməsi zərurəti yaranıb.
Hüquqşünas, nəqliyyat məsələləri üzrə
ekpert Ərşad Hüseynov mövzü ilə əlaqədar Movqe.az-a fikirlərini
açıqlayıb. Ekspert deyib ki, avtomobil istifadəyə yararsız
vəziyyətə düşsə də, onun mülkiyyətçisi var və mülkiyyətçinin
icazəsi, istəyi olmadan onu harasa aparmaq olmaz: "Qanunvericiliklə
bu, mülkiyyət obyektidir və kiminsə mülkiyyətindədir. Dövlət
qeydiyyatı haqda şəhadətnaməsi var. Ona görə də yalnız onun sahibi
avtomobili nə edəcəyi haqda sərəncam verə bilər. Ola bilər ki,
aparıb təmir etdirsin. Yox, əgər təmiri mümkün deyilsə,
qanunvericiliyin mövqeyinə görə, avtomobili Dövlət Yol
Polisinin qeydiyyatından çıxarmaq lazımdır. Bu zaman arayış verilir
ki, həmin arayışa əsasən avtomobili ayrıca hissələrə ayırıb satmaq
da olar. Amma Azərbaycan təcrübəsində görünür ki, avtomobil
sahibləri heç onu qeydiyyatdan çıxarmırlar və müəyyən
şəxslərə verirlər ki, onlar da avtomobili qeyri-rəsmi şəkildə
parçalayıb satırlar. Ancaq qanun da imkan verir ki, qeydiyyatdan
çıxarmaqla avtomobillərdəki detalları istədiyin kimi istifadə
edəsən".
Baş Dövlət Yol Polisi İdarəsinin
(BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
bildirib ki, yol polisi tərəfindən dəfələrlə bu avtomobillərin
sahiblərinə müraciət olunsa da, onlar gəlib mülkiyyətçisi olduqları
avtomobili aparmırlar: "Belə avtomobillərin toplanması üçün ayrıca
yer yoxdur. Onlar yalnız mühafizə olunan duracaqlarda saxlana
bilər. Onların hər birinin sahibi olur. Əgər avtomobil istifadəyə
yararasızdırsa, mülkiyyətçi bununla bağlı ərizə ilə müraciət
etməlidir. O, avtomobili çıxdaş etməli və aparıb metallurgiya
zavodlarına təhvil verməlidir. Amma çox əfsuslar olsun ki, əzilmiş
nəqliyyat vasitələri illərlə orada qalır. Dəfələrlə onların
sahiblərinə məktub göndərilməsinə, müraciət olunmasına rəğmən,
həmin avtomobilləri götürmürlər".