"Buraxılış vərəqəsi"nin verilməsinə başlandı

6 May 2014 18:23 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni verməyə başlayıb. Komissiyadan Movqe.az-a verilən məlumata görə, 2-ci və 3-cü ixtisas qrupları üzrə sənəd verən əvvəlki illərin məzunları "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni almaq üçün TQDK-nın saytındakı müvafiq sistemə daxil olmalıdırlar. Əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı mayın 11-də, I və IV qruplar üzrə mayın 18-də olacaq. Qeyd edək ki, bu ildən başlayaraq əvvəlki və cari illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanları fərqli tarixlərdə keçiriləcək. Cari ilin məzunları üçün qəbul imtahanları iyul ayında baş tutacaq.