Dərmanların qiyməti narazılıq doğurur

8 May 2014 08:34 (UTC+04:00)

Ölkədə dərman preparatlarının qiymət məsələsi yenidən gündəmə gəlib. Bu sahədə süni qiymət artımına qarşı tədbirlər planı nəzərdə tutulub. Baş nazirin müavini Əli Əhmədov isə bu fonda Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə münasibət bildirərkən ölkəmizdə dərman preparatlarının qiymətinin həqiqi dəyərindən xeyli yüksək olduğunu deyib: "Bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir. Qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Dərman satışı ilə bağlı süni bahalaşma hallarının qarşısı alınacaq".

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə əlaqədar olaraq İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Təkliflər hazırlanan zaman dünya təcrübəsinə istinad olunub. Belə ki, təklifdə ölkənin bütün apteklərində dərmanlar vahid qiymətə olmalıdır. Ancaq hələlik dərman satışında vahid qiymət müşahidə edilmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Azərbaycanda dərmanların qiymətinin baha olmasının bir neçə səbəbləri var. Çıxış yolu kimi isə mütəxəssis "qiymət tavanı"nın müəyyənləşməsi ilə yanaşı, başqa təkliflər də verdi: "Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə bahadır. Aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda dərmanların qiyməti Türkiyə və İranla müqayisədə müvafiq olaraq təxminən 2, hətta 3 dəfəyə qədər yüksəkdir. Azərbaycanda dərman preparatlarının qiymətinin yüksək və dərmanların məcburi istifadə olunan istehlak malların siyahısına daxil olması vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərir. Bəzi hallarda isə dərman ala bilmədiyindən bu, vətəndaşın sağlamlığı üçün neqativ təsirlərə gətirib çıxarır. Dərmanların qiymətinin yüksək olması ilk növbədə ölkədə dərman istehsalının zəifliyi ilə bağlıdır. Dərman istehsalı zəif olduğu üçün ölkədə satılan dərmanların böyük bir qismi idxalın payına düşür. Əgər Azərbaycan dərmana olan tələbatın təxminən 85%-i xaricdən idxal edilirsə, Türkiyə tələbatının 90%-i yerli istehsal hesabına ödəyir. Yerli istehsalın inkişafı qiymətin aşağı düməsinə və tənzimləməsinə şərait yaradır. Azərbaycanda idxaldan asılılıq isə buna imkan vermir. Qiymətlərin baha olmasına digər səbəb, dərmanların ölkəyə gətirilməsi ilə məşğul olan şirkətlərin sayının az və rəqabətin zəif olmasıdır. Rəqabətin zəif olması ölkəyə gətirilən dərmanların daha yüksək qiymətə təklif edilməsinə səbəb olur. Üçüncü səbəb isə apteklərin süni şəkildə qiymətləri bahalaşdırmasıdır".

Ekspert hesab edir ki, dərmanların qiymətinin aşağı salınması və insanlara əlçatan olması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var: "Məsələn, ilk nöbvədə yerli istehsal inkişaf etdirilməldir. Çünki, dərman istehsalı spesifik sahə olsa belə, ancaq çətin təşkil edilən istehsal sektoru deyil. Bundan başqa, idxalda rəqabət mühitinin gücləndirilməsi olduqca vacibdir. Bu, ölkəyə dərman gətirən şirkətlərin sayının artmasına, bazarda təklifin çoxalmasına və nəticə etibarı ilə qiymətin aşağı düşməsinə gətirib çıxaracaq. Dərmanların qiyməti ilə bağlı "qiymət tavanı"nın müəyyənləşdirilməsinə ehtiyac var. Bu, xüsusən topdansatış qiymətləri ilə bağlı tavanların müəyyənləşdirilməsi anlamına gəlir. Çünki, "qiymət tavanı"nın tətbiq edilməsi imkan verəcək ki, dərman preparatları üzrə konkret qiymətlər müəyyənləşdirilə bilsin. Apteklər o və ya ondan aşağı qiymətə təklif etmək hüququna malik olacaqlar. Bu da qiymətlərin tənzimlənməsinə və əlçatan olmasına imkan verəcək. ABŞ liberal bazar iqtisadiyyatına malik olsa belə, orada da bu cür tənzimləmə həyata keçirilir. Eləcə də səhiyyə sektorunda Şərqi Avropa ölkələrində olduğu kimi, daha aşağı faizli vergilərin tətbiq edilməsinə ehtiyac var. Əlavə dəyər vergisinin dərəcəsinin apteklər və səhiyyə müəssisələri üçün daha aşağı müəyyənləşdirilməsinə ehtiyac var. Bu imkan verəcək ki, həmin müəssisələrin xərcləri azalsın. Nəticə etibarı ilə, təklif edilən dərmanların qiymətinin aşağı salınmasına imkan yaradacaq".