Əli Həsənov: "TANAP layihəsi enerji təhlükəsizliyinə öz töhfəsini verəcək"

27 İyun 2012 16:13 (UTC+04:00)

Azərbaycan və Türkiyə arasında imzalanan Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək. Bunu iyunun 27-də Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, TANAP layihəsinin 3 ciddi əhəmiyyəti var.
Birincisi, bu layihə iki qardaş, dost ölkə olaraq həm Türkiyə, həm də Azərbaycanın enerji təhlükəsizliyi layihələrinin reallaşdırılması istiqamətində iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, iki ölkənin bu sahədə tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, bir-birinə iqtisadi cəhətdən daha da sıx şəkildə bağlanmasına istiqamətlənib.
İkincisi, layihə Xəzərin Azərbaycan sektorundan çıxan zəngin qaz ehtiyatlarının - onların da miqdarı az deyil, Azərbaycanın hazırda 2,6 trilyon kubmetr qaz ehtiyatı aşkarlanıb - Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması, birinci əldən realizə olunması və əldə olunmuş gəlirin Azərbaycanın və müvafiq olaraq Türkiyənin inkişafına yönəldilməsidir.
Üçüncüsü isə, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüstan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsi, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsi, qaz bazarlarına daha çox maye qazın çıxarılması və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə töhfənin verilməsidir.