Xəzərə sualtı hərbi gəmilər gətirilir

28 İyun 2012 09:00 (UTC+04:00)

Cənub qonşumuz İranla Xəzərdə mübahisəli yataqların olması və Tehranın Azərbaycana aid olduğu bildirilən yataqlarda istismar işlərinə başlamaq niyyəti fonunda dənizdə gərginliyin bir qədər də artacağı proqnozlaşdırılır. Buna səbəb isə İranın Xəzərə yeni hərbi qüvvələr cəmləmək niyyətidir. Bunu İran Hərbi Dəniz Qüvvələri komandanlığının nümayəndəsi, admiral Abbas Zamini də təsdiq edib.

Onun sözlərinə görə, İran Xəzər dənizinə sualtı qayıqlar göndərmək niyyətindədir. Admiral İran Hərbi Dəniz Donanmasına məxsus 3 ağır sualtı gəminin ölkənin cənub ərazi sularına dislokasiya olunduğunu bildirib: "Biz Xəzər dənizinə daha yüngül sualtı gəmilər göndərmək niyyətindəyik". Rusiyanın da eyni növ gəmiləri dənizə buraxacağı gözlənir. Qeyd edək ki, bu günlərdə Abbas Zamini bildirmişdi ki, İran 10 mina eskadral gəmisi və raket daşıyıcısı istehsalını davam etdirir. O, sözügedən gəmilərin milli dəniz müdafiəsi sənayesi müəssisələrində hazırlandığını söyləyib: "Mina eskadral gəmisi "Dalğa-1" layihəsi çərçivəsində hazırlanaraq suya buraxılıb. Yaxın gələcəkdə "Dalğa-2" layihəsi çərçivəsində "Velayet" mina eskadral gəmisinin hazırlanması başa çatdırılacaq. Bundan başqa, "Dalğa-3" və "Dalğa-4" layihələri çərçivəsində "Dalğa" və "Sinay" tipli mina eskadral gəmilərinin tikintisi üzrə işlər davam etdirilir.

Gələn ilin aprel ayınadək "Dalğa-5" layihəsi çərçivəsində "Səhənd" mina eskadral gəmisinin hazırlanması başa çatdırılacaq. Bundan başqa, "Sinay-1", "Sinay-2", "Sinay-3", "Sinay-4", "Sinay-5" və "Sinay-6" layihələri çərçivəsində "Sinay" tipli raketdaşıyıcısının hazırlanması üzərində iş başa çatdırılır. Bu gəmilər üzərində işlər də gələn ilin aprel ayınadək yekunlaşacaq". İranın hazırladığı bu hərbi texnikanın bir hissəsini isə Xəzər donanmasının tərkibinə daxil edəcəyi gözlənir.

Bütün bunlar isə İranın Xəzərdə Azərbaycanla ərazi mübahisələrinin olduğu dönəmdə baş verir. Xatırladaq ki, təxminən altı ay öncə isə İran Xəzərdə 50 trilyon kubfuta yaxın ehtiyatlara malik qaz yatağı aşkar etdiyini bildirmişdi. Lakin indi İranın kəşf etdiyi yataqların əslində, Azərbaycana məxsus olmasına dair məlumatlar üzə çıxmaqdadır. Bununla bağlı Astanada keçirilən "Xəzər şelfinin inkişafı -2012" neft-qaz konfransında "Menas Associates UK"in analitiki Aleks Cekson maraqlı fikirlər səsləndirib. O bildirib ki, Xəzərin mübahisəli ərazisindəki neft-qaz yatağının kəşfi təsdiqlənsə, İranla Azərbaycan arasında münaqişə istisna edilmir: "İranın bəyanatı (neft-qaz yatağının kəşfi il bağlı) təsdiqlənsə, Bakı ilə Tehran arasında böhran mümkündür, elə indinin özündə ikitərəfli münasibətlər gərgindir. İndi konkret rəqəmlər yoxdur. İranın rəyinə inansaq, 50 trilyon kubfut qaz və 10 milyard barel neft var. Bu, çox ciddi rəqəmdir". O xatırladıb ki, İran rəsmiləri hələ yatağın dəqiq yerini demir: "Məlumat var ki, o, Neka limanından 250 km şimal-qərbdədir. Demək, Xəzər orta xətlə bölünsə, bu, Azərbaycan ərazisidir. Bu, çox ciddi məsələdir. Ehtiyatlar təsdiqlənsə, Azərbaycanla İran arasında ciddi mübahisə yaranacaq". Analitik məsələni "qapamağın" yollarından birini Rusiyanın müdaxiləsində görür: "Bu (iki ölkə arasında potensial münaqişə), Rusiyanı təhrik edə bilər ki, qalan Xəzəryanı ölkələrin tərəfində durub İranı akvatoriyanın 20 yox, 14%-i ilə kifayətlənməyə məcbur etsin".

İran tərəfi nəinki yeni açılan yatağın coğrafi koordinatlarını, heç adicə oriyentir üçün yeri belə dilə gətirmirlər. Yeganə dedikləri şey, yatağın Xəzərin 700 metr dərinlikdə və "İrana aid sularında yerləşməsi" olmuşdu. Elə sonuncu fraza məsələni daha da qəlizləşdirir. Axı 12 ildən çoxdur ki, İran Xəzərin bölgüsündə özünəməxsus təkliflə çıxış edir - dənizin dibi sahilyanı dövlətlər arasında bərabər, yəni hərəyə 20% olmaqla bölünsün. Tehranın mövqeyini o biri Xəzəryanı dövlət qəbul etmədi və bu günə kimi Azərbaycan, Rusiya və Qazaxıstan "orta xətt" prinsipi ilə bölgü ilə razılaşıb və müqavilə imzalayıblar.

İran isə bu mövqeyindən nəinki əl çəkməyib, hətta onu elə səviyyəyə çatdırıb ki, 2001-ci ilin 23 iyulunda Xəzərin dərin hissəsində yerləşən "Araz-Alov-Şərq" strukturlarında BP şirkəti geofiziki kəşfiyyat işlərini dayandırmağa məcbur oldu. Düzdür, o zaman Azərbaycan tərəfi məsələni daha da mürəkkəbləşdirməmək üçün həmin strukturlarda işləri bu günədək bərpa etməyib və məsələni Xəzərin hüquqi statusu həllini tapanacan təxirə salıb.

Belə bir vaxtda Xəzərə əlavə hərbi qüvvələrin cəmləşdirilməsi digər sahilyanı ölkələri də analoji addımlar atmağa vadar edir. Bu isə dənizin "barıt çəlləyinə" çevrilməsi deməkdir.

Digər tərəfdən xatırladaq ki, Bakı və Aşqabad arasında status problemi yenidən qabarıb. Bu fonda isə dənizdə hərbi qüvvələrin artırılması məqbul sayılmır. Belə bir vaxtda o da məlum olub ki, Rusiya tərəfinin qərarı ilə bu ölkənin "Dağıstan" döyüş gəmisinin raket daşıyan modeli yayın sonuna qədər Xəzərdə Rusiya Hərbi Dəniz Donanmasında silahlanmaya daxil ediləcək. Rusiya Federasiyası (RF) Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri (HDQ) üzrə nümayəndəsi deyib ki, "Dağıstan" iyul-avqust aylarında RF-nin Xəzər donanmasına daxil ediləcək. Qarşıdan gələn bu iki ay ərzində döyüş gəmisi dövlət test mərhələsini yekunlaşdırmalıdır. Gəminin yekun dövlət test mərhələsi isə Xəzərdə keçiriləcək. Buna qədər döyüş gəmisi Novorossiyskidə yerləşən Qara dəniz donanmasının təlim mərkəzində test mərhələsindən uğurla keçib. Hazırda gəminin şəxsi heyəti "Dağıstan"ı Xəzərdəki dövlət testinə hazırlayır. Qazaxıstan və Türkmənistanın da dənizdə hərbi qüvvələrini artırmaq niyyəti isə Xəzərdə ciddi hərbi gərginlik yaradır.