Bu gün Danimarkanın paytaxtı Kopenhagendə
"Eurovision 2014" mahnı müsabiqəsinin final mərhələsi
keçirilir.
Movqe.az xəbər verir ki , Azərbaycanın "Eurovision
2014" mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova yarışmanın
final mərhələsində üçüncü nömrə altında uğurla çıxış
edib.
Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi
"Start a fire" mahnısını təqdim edib. Təmsilçimizin şousunda təmiz, ülvi hiss olan
sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı
qutuda təcəssüm olunur, insanlar bir-birinə, ətrafındakılara qarşı
daha duyğulu olmağa çağırılır. Mahnıda adi qığılcımın böyük bir
alov yarada biləcəyindən söhbət açılır.
Qeyd edək ki, finalda iştirak edən 26 ölkənin
səhnəyə çıxma ardıcıllığı belədir: Ukrayna, Belarus, Azərbaycan,
İslandiya, Norveç, Rumıniya, Ermənistan, Çernoqoriya, Polşa,
Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya,
Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta,
Danimarka, Hollandiya, San-Marino və Böyük
Britaniya.