Donetsk və Luqansk referendum keçirir
11 May 2014 15:35 (UTC+04:00)
Bu gün Ukraynanın şərqindəki Donetsk və Luqansk
vilayətlərində özünütəyin haqqında referendum
keçirilir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
səsvermə Kiyev rəhbərliyinin ölkənin şərqində həyata keçirdiyi
xüsusi-əməliyyatlar fonunda keçiriləcək. Donetsk və Luqansk
vilayətlərində federallaşmanın tərəfdarları referendumu aprel
ayında qondarma Donetsk xalq respublikası və Luqansk xalq
respublikasının elan edilməsi ilə əlaqədar
keçirirlər.
Donetsk vilayətində referenduma çıxarılan sual
belə səslənir: "Siz Donetsk xalq respublikasının müstəqilliyi
haqqında Aktı dəstəkləyirsinizmi?". "Bəli" və "Xeyr" cavab
variantlarının olduğu sual ukrayna və rus dillərində çap edilib.
Donetskdə yerli vaxtla saat 8:00-da başlayan səsvermə 1540 seçki
məntəqəsində keçiriləcək.
Luqansk vilayətinin sakinləri isə "Siz Luqansk
xalq respublikasının dövlət müstəqilliyinə dair Aktı
dəstəkləyirsinizmi?" sualına cavab verməli olacaqlar. Hər iki
vilayətdə referendumun ilkin nəticələri mayın 12-si səhər
saatlarında elan ediləcək.
Qeyd edək ki, Ukraynanın şərqində referendum rəsmi
Kiyevin narazılığı fonunda keçirilir. Rusiyadan olan müstəqil
müşahidəçilər də referendumun gedişatını izləməkdən imtina
ediblər.