"Quş qrip"i ilə bağlı növbəti monitorinq başladı

12 May 2014 12:54 (UTC+04:00)

Dövlət Baytarlıq Xidməti (DBX) köçəri quşların miqrasiyasını nəzərə alaraq bu gündən növbəti monitorinqə start verib. DBX-dən Movqe.az-a verilən məlumata görə, monitorinq DBX-in, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur. Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri mayın 23-də ictimaiyyət üçün açıqlanacaq. Məlumatda o da bildirilib ki, hazırda "quş qripi" xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.