“Elektron hökumət” portalına daxil olanların sayı 341 776 nəfərə çatdı

12 May 2014 13:17 (UTC+04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin aprel ayının 30-a qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 623078 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 341 776 nəfər olub. Belə ki, 341 776 nəfər ümumən 623 078 dəfə portala baxıb və 1 084 452 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 2 216 920 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 02 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 55%-ni yeni istifadəçilər, 45%-ni isə təkrar müraciət edənlər təşkil edib. Müqayisə üçün aprel ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 48 483 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 26 580 nəfər olub. Həmin şəxslər 190154 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 102 127 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 01 saniyə təşkil edib. Aprel ayı ərzində portala müraciət edənlərin 58.4%-ni yeni istifadəçilər, 41.6%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 82844-ə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 327 ədəd olub.