Vaşinqton Moskvanı Qarabağ məsələsində sıxışdırmağa başlayır

13 May 2014 08:01 (UTC+04:00)

Məlum olduğu kimi, ATƏT Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağa dair 6 bəndlik təklifi Ermənistan tərəfindən sərt qarşılanıb. Düzdür, Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı prinsiplərə münasibət bildirən əksər ekspertlər qeyd edir ki, C. Uorlikin prinsiplərində hansısa yeni məqam yoxdur, ancaq hər bir halda Dağlıq Qarabağ məsələsinin gündəmə gətirilməsi, ABŞ tərəfindən bir daha səslənməsi özü-özlüyündə vacib məsələdir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri işləmiş Jirayr Libaredyan isə qeyd edir ki, Ceyms Uorlikin Qarabağın həlli ilə bağlı etdiyi təkliflər 1997-ci il sənədi ilə müqayisədə qat-qat pisdir: "Halbuki, həmin sənədə görə Petrosyanı istefa verməyə məcbur elədilər". Ekspertlər Qarabağ məsəəlsində ABŞ-ın fəallaşmasını Vaşinqtonun Rusiyanın Ukraynanı parçalamaq siyasətinə qraşı cavab addımı kimi də qiymətləndirirlər.

Millət vəkili Zahid Orucun sözlərinə görə, C. Uorlikin təklifində yalnız müsbət onu saymaq olar ki, ABŞ bu dönəmdə regiona dair əsas baxışını ortaya qoydu: "Sanki müxtəlif tərəflərə mesaj verdi. Nəticədən asılı olamayaraq, bu, Azərbaycanın yalnız o mənada faydasınadır ki, beynəlxalq birlik nəhayət hadisələrə ədalətə yaxın mövqe ilə yaxınlaşmağa çalışdı. Ayrı-ayrı bəndlər üzərində dayanmaq, onların geniş təhlilini vermək olar. Hansı müddəalar bizim tam xeyrimizədir və ya beynəlxalq hüququ özündə ifadə edir, ya da bəzilərin natamamlıqları haqqında danışmaq mümkündür. Amma bunlar məsələnin ikinci tərəfidir. Önəmlisi odur ki, bu dönəmdə regiondakı mürəkkəb tendensiyalar Qərbi vadar edir ki, əvvəlki səhvlərindən nəticə çıxarsın. Lakin bunlar ABŞ-ın prosesi ələ almasına, Azərbaycanın təhlükəsizlik həyatına, yaxud da bölgədə hansısa avantüralar olarsa, həmin təhlükələrə qarşı birgə müdaxilə tədbirlərinə aparıb çıxarmayacaq. Çünki, ötən əsrin əvvəllərində də məhz neft-qaz maraqlarına önəm verildi. Azərbaycanın bütövlüyü məsələyə daxil olunmadı. Onda SSRİ adlı bir imperiya meydana çıxdı. Bu dönəmdə isə bəlkə də Avropa dairələrinin Qafqaz arealına əlahiddə maraq göstərməsi müəyyən ziyanlar törədə bilər. Çünki, Rusiya prosesləri daha həssas bir formada qarşılamaqdadır. Ukrayna hadisələri fonunda eyforiya elə bir vəziyyətə çata bilər ki, daha artıq məkanlarda Rusiyanın bayrağı altına daxil olmaq istəyən qüvvələr çoxalsın. ABŞ-ın Qarabağ məsələsində fəallığı heç bir halda Azərbaycanın müdafiəsindən deyil də, Qafqaza marağından irəli gəlir. Rusiya da bunu görməkdədir. Qərbin maraqlarını vurub Qafqazdan çıxarmaq üçün müxtəlif addımlar başlanılıb. Gərginliyin episentri Azərbaycana keçə bilər. Ona görə "Azadlığı Dəstək Aktı"na 907-ci düzəlişi sırf öz maraqlarına görə aradan qaldırdıqları kimi, yenə də Qarabağa məsələsində məhz özəl strateji planlarını Azərbaycana yaxşılıq, hədiyyə kimi qələmə verməsinlər. Çünki, biz bilirik ki, bunun arxasında məhz Qərbin özünün maraqları dayanır".

Digər politoloq Qabil Hüseynli bildirdi ki, həmsədrin təklifində ABŞ-ın mövqeyində cüzi də olsa, dəyişikliyin olduğu görünür: "Dəyişiklik ondan ibarətdir ki, ABŞ Ermənistanın Azərbaycana təcavüzünü qəbul edir. Amma təcavüzlə bağlı geniş izah vermir. Bundan başqa, C. Uorlikin 6 bəndlik təklifinin müəyyən pozitiv cəhətləri var. Amma bütövlükdə "Madrid prinsipləri"nin təkrarıdır. Yenə də məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həlli nəzərdə tutulmur. Yalnız, kənardan formalaşmış müəddəalarla məsələni həll etmək istəyirlər. Amma hər halda C. Uorlikin indiyə qədər verdiyi məsuliyyətsiz bəyanatlarına son qoyuldu. ABŞ-ın bu məsələdə rus və fransızlardan da fərqli mövqe tutduğu sərgilənir. Bu, müsbət addımdır. Gələcəkdə ABŞ-ın mövqeyini daha pozitiv istiqamətə yönəldə bilər".