Qarabağ münaqişəsinin yeni həll yolları axtarılır

14 May 2014 08:12 (UTC+04:00)

Fransa prezidentin Fransu Ollandın ölkəmizə səfəri bir sıra maraqlı tərəfləri ilə yadda qaldı. Görüş zamanı həm də regionda əsas problemlərdən biri olan Dağlıq Qarabağ məsələsinə toxunuldu. Fransa prezidenti münaqişənin indiyədək həll olunmamasına səbəb kimi müəyyən nüansların olduğunu bildirib: "Azərbaycana səfər etməyim faktı, daha sonra Ermənistana yola düşməyim ondan xəbər verir ki, iş davam edir. Münaqişənin həlli üçün səyləri birləşdirmək lazımdır. Fransa daim fəal olub və münaqişənin yeni həlli yollarının axtarışındadır".

Fransa prezidentinin "münaqişənin indiyədək həll olunmamasına səbəb müəyyən nüanslar var" fikrini şərh edən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, F. Ollandın Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirilməsi üçün zəmin yaranmasına xidmət edir: "Əsas məsələ Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində prezidentlər arasında keçirilən görüşdür. Təbii ki, Azərbaycanın mövqeyi birinci şəxs tərəfindən Fransa prezidentinə çatdırıldı. F. Ollandın "Dağlıq Qarabağ probleminin həll olunması istiqamətində bəzi problemlər var", deməsi bizi düşünməyə sövq edir. Əslində, problem elə Fransanın özüdür. 20 ildən artıqdır Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, Fransa bu günə qədər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini rəsmən dilə gətirməyib. Qəribə burasındadır ki, digər həmsədr dövlətləri kimi Fransa da həm dövlətlərin sərhədlərinin dəyişməzliyi, həm də xalqların öz müqəddaratlırını təyin etmək prinsipini ön plana çıxarır. Lakin hər iki prinsipin bir-birinə zidd olduğu məqamda bunların ortaq yerə gətirilməsi olduqca çətindir. Həmsdər dövlətlər bunu bilir. Bu günə qədər beynəlxalq hüquqda bənzər problemlər üzərində həm dövlətlərin torpaq bütövlüyü, həm də xalqların öz müqəddaratını təyin etməsi prinsipi tətbiq olunmayıb. Bu baxımdan F. Ollandın bu məsələni dilə gətirməsi olduqca maraqlıdır. F. Ollandın Azərbaycana və Ermənistana səfəri son zamanlarda Rusiyanın keçmiş SSRİ ölkələrinə yönəlik siyasətində radikal addımlar atdığı dövrə təsadüf edir. Güman ki, Rusiyanın postsovet ölkələrinə qarşı bu cür radikal münasibəti davam edərsə, həmsədr dövlətlər Dağlıq Qarabağ probleminin daha yaxın zamanda həll olunmasına ciddi səy göstərəcəklər. Çünki, Rusiya Ukraynanın şərq vilayətlərini də ələ keçirərsə, bu, Avropa və ABŞ-ın ciddi məğlubiyyəti sayılacaq. F. Ollandın səfəri də bu kontekstdə dəyərləndirilə bilər".

Politoloq Fikrət Sadıxov bildirdi ki, Fransa artıq neçə ildir, Minsk qrupunun həmsədridir: "Yəni, işin içindədir, bütün proseslərdən xəbərdardır. Problemlər onlara aydındır ki, Azərbaycanın torpaqları işğal altındadır. Təbii ki, belə bir məsələnin həlli problemsiz keçinə bilməz. Ancaq F. Olland hesab edirsə ki, Qarabağ problemində maneçilik edən nəsə var, deməli, bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Bəs, kim məşğul olmalıdır? Əlbəttə ki, elə Minsk qrupunun həmsədrləri. Əgər bizim də köməyimiz lazımdırsa, qoşula bilərik. Lakin biz rotirik ifadələləri çox eşitmişik. Artıq istərdik ki, ritorikadan praktiki addımlara keçid olsun. Eyni zamanda o da hiss olunur ki, F. Olland Azərbaycanın Fransa ilə yaxşı münasibətlərində maraqlıdır. Çünki, dünyada, xüsusi ilə də Ukraynada baş verən hadisələr fonunda Fransa Azərbaycanın strateji mövqeyini, regionda bir sıra üstünlüklərini nəzərə alaraq bizlə partnyorluq münasibətlərinin genişlənməsində maraqlıdır. Bəlkə də F. Olland çox istərdi ki, problemə son qoyulsun. Lakin burada erməni diasporu amili var. Lakin belə bir münaqişənin həllində xüsusi ilə Fransada böyük rol oynayır".