Sərsəng su anbarından gələn təhdid davam edir

14 May 2014 09:27 (UTC+04:00)

Azərbaycanın Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlar qarşısında qaldırdığı məsələyə nəhayət ki, lazımi rekasiya verildi. Kiprin paytaxtı Nikosiyada Avropa Şurası Parlament Assambleyasının sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclası zamanı Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, deputat Elxan Süleymanovun təqdim etdiyi "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair" qətnamə layihəsi əsasında məruzəçi təyin edilib. Məruzə Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçə həvalə olunub.

Xatırladaq ki, AVCİYA 2013-cü ilin may ayından etibarən 18 aylıq Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihəyə başlayıb. Layihənin əlaqələndiricisi Samir İsayev qəzetimizə açıqlamasında bildirdi ki, Milisa Markoviçin bu məsələ üzrə məruzəçi təyin olunması gözlənilən hadisə idi: "Məruzəçi təyin olunduqdan sonra sözsüz ki, özünün proqramını müəyyənləşdirəcək və bölgəyə səfər edəcək. Səfərə hazırlığın yaxın zamanda başlanılması gözlənilir. Səfərin əsas məqsədi vəziyyəti, ondan doğacaq humanitar təhlükəni araşdırmaq, Sərsəng su anbarının sosial-iqtisadi, ekoloji təsiri müəyyənləşdirməkdir. Məruzəçi Azərbaycanda ictimaiyyətlə, mütəxəssislərlə, aiddiyyatı nazirliklərlə görüşəcək. 6 rayonun yerli icra hakimiyyətində olacaq. Görüşlərdə problemlə maraqlanacaq. Vəziyyəti qiymətləndirməyə çalışacaq. Burada bizim vəziyyəti dəqiq təhlil etməyimiz önəmli əhəmiyyət daşıyır. Bölgə insanları vaxtı ilə bu problemə ciddi əhəmiyyət vermirdilər. Lakin problemin əhəmiyyətini dərk etdikdən sonra onlar böyük təlaş içində olmağa başladılar. Bölgədə su ilə bağlı ciddi problem var. Bu problemin həllini insanlar artezian quyularının qazılmasında görürlər. Amma artezian quyularından əldə olunan su məhsuldarlığa mənfi təsir edir. Torpaqların daha tez şoranlaşmasına gətirib çıxarır. Bu halda vətəndaş cəmiyyəti hazırlaşmalıdır. Söhbət Avropaya yaxşı tərəflərimizi göstərməkdən getmir. Problemi Avropadan gələn mütəxəssislərə olduğu kimi çatdırmalıyıq. Hökumətin regionların inkişafı istiqamətində uğurlu siyasətinə baxmayaraq, həmin bölgə su sarıdan ciddi problemlər yaşamaqdadır. Həmçinin, bölgədə yaşayan əhali ciddi humanitar faicə qarşısındadır. Su anbarında istənilən hadisə zamanı bölgə iqtisadiyyatı, mədəni sərvəti təhlükə altında qalacaq. Bunu gələcək mütəxəssislərə çatdırmağımız lazımdır. Bununla bağlı Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihəyə çərçivəsində AVCİYA özü də qiymətləndirmə aparıb. AVCİYA mütəxəssisləri artıq rayonlardadırlar. Həmin bölgədə ətraf mühitə, mədəni abidələrə su qıtlığı nəticəsində dəyən zərərin dəyərləndirilməsi ilə məşğuldurlar. Bu vaxta qədər bu sahədə ciddi araşdırma aparılmayıb. Bölgədəki vəziyyəti ən azından birinci özümüz daxilimizdə dəyərləndirməyə çalışmalıyıq. Artıq faktlar toplusundan faktların dəyərləndirilməsinə keçməliyik. Bununla bağlı hesabatlar hazırlanmalıdır. On agörə ki, xarici ekspertlər burada araşdırma aparan zaman heç olmasa, əllərində real sənədlər olsun. AVCİYA bu işlərə başlayıb. Güman edirəm ki, nəticəsi olacaq bir işdir. Problemin dünya ictimaiyyətinə çatdıırlması məruzəçinin təyin olunmasına səbəb oldu. Məruzəçi isə konkret faktlarla işləyəcək. İndi isə biz faktları məruzəçiyə təqdim etməyi bacarmalıyıq".

Samir İsayev qeyd etdi ki, məruzəçinin bu kimi işlərdə konkert müddəti müəyyənləşdirilmir: "AŞPA-nın müxtəlif siyasi proseslərlə bağlı da məruzəçiləri gəlib. Belə araşdırmaların müddəti adatən bir ili ötmür. Bu halda da araşdırma uzun müddət çəkməyəcək. 6 aydan 1 ilə qədər müddəti əhatə edə bilər. Sözsüz ki, məruzə Avropa Şurasına təqdim olunduğu təqdirdə ciddi tənqidçiləri məhz erməni tərəfi olacaq. Ona görə də faktları olduğu kimi qoymağa çalışmalıyıq. Ondan sonra keyfiyyətli məruzə hazırlamaq Milisa Markoviçin öz vicdanına qalır".

Bildirək ki, Sərsəng su anbarı hazırda erməni işğalı altındadır və Azərbaycan tərəfindən istismarı qeyri-mümkündür. Anbar respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Su anbarına və onun qurğularına illərdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir.