Repetitorların büdcəyə vurduğu ziyan

13 May 2014 19:12 (UTC+04:00)

Fərhad Bayramov: "Repetitor hazırlığı ilə məşğul olanların vergi ödəyiciləri kimi stimullaşdırılması tədbirlərinin aparılması çox zəruridir"

Ölkədə təhsilə getdikcə daha çox diqqət ayrılmaqdadır və son dövrlərdə atılan addımlar fonunda bunu aydın müşahidə etmək mümkündür. Təbii ki, bütün bunlar təhsilin keyfiyyətinin yüksəlməsinə də öz təsirini göstərəcək. Yüksək keyfiyyətli təhlil öz növbəsində repetitor fəaliyyətinə son qoyulmasına gətirib çıxarmaq iqtidarındadır.

Hələlik isə repetitorlar fəaliyyətini davam etdirir və orta məktəblərin son siniflərində oxuyan şagirdlərin böyük əksəriyyəti ali məktəbə qəbul imtahanına hazırlaşmaq üçün onlaar müraciət edir. Özü də repetitorların böyük əksəriyyəti qazandıqları puldan dövlətə hansısa vergi də vermirlər.

Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü Mövqe.az saytına açıqlamasında qeyd edir: "Bu gün repetitor fəaliyyətinin bu qədər geniş olmasına səbəb orta məktəblərdə tədris proqramlarının kifayət qədər yaxşı yerinə yetirilə bilməməsidir. Bu, həm müəllimlərin hazırlığı, həm dərs ilinin müddətinin az olması ilə bağlıdır".

Məlahət Mürşüdlü repetitor fəaliyyətinin vergiyə cəlb edilməsinin çox vacib olduğunu bildirib: "Başqa ölkələrin təcrübəsində görürük ki, repetitorluqla məşğul olan müəllim həm də vergi ödəyicisidir. Bu, dövlət xəzinəsinə xeyirdir. Repetitorluq müəllimin pedoqoji fəaliyətdən əlavə, müstəqil fəaliyyətidir. Hər bir müəllimin bununla məşğul olmaq hüququ var. Mən bir neçə çıxışımda da demişəm ki, bu fəaliyyət leqallaşdırılmalı, qanunla tənzimlənməlidir. Məsələn, Qazaxıstan təhsil sistemində müəllimlərə pedoqoji fəaliyyətdən əlavə, sərbəst, digər fəaliyyətlərlə də məşğul olmağa icazə verilir. Və müəllim də öz növbəsində məşğul olduğu əlavə fəaliyyətə görə vergi ödəyir. Repetitorluq elə bir şeydir ki, qadağa etmək qeyri-mümknüdür. Gün keçdikcə də əvvəlki illərə nisbətən həm fərdi repetitorların, həm kursların sayı getdikcə artır. Zaman-zaman bu müəllimlər qınağa da çevrilir. Amma əslində, bu, onun pedoqoji fəaliyyətidir. Buna müəyyən vaxtını ayrır. Sadəcə olaraq, leqallaşdırmaq lazımdır. Bunu qanunla tənzimləmək lazımdır ki, müəllimlər də vergi ödəyicisinə çevrilsinlər".

Təhsil üzrə ekspert Vurğun Əyyub da eyni mövqeyi bölüşüb: "İlk öncə repetitorlara müraciətlərin geniş olmasının səbəblərinə baxmaq lazımdır. Orta məktəblərdə təhsilin səviyyəsi hələ istənilən səviyyədə olmadığı üçün abituriyentlər repetitor yanına getməyə məcbur olurlar. Repetitor fəaliyyəti ilə məşğul olan hər bir müəllim məktəbdə də işləyir. Repetitorluq müəllimin əlavə fəaliyyətidir və buna görə, qanunvericiliyə uyğun olaraq, dövlətə vergi verməlidir".

İqtisadi sə Sosial İnkişaf Mərkəzinin iqtisadi-tədqiqatçısı Fərhad Bayramov Movqe.az-a verdiyi açıqlamada qeyd edib ki, qanunla istənilən bir şəxs fərdi şəkildə hər hansı bir iqtisadi fəaliyyət göstərib gəlir əldə edirsə, gəlirlərindən Bakı şəhərində yaşayırsa 4%, kənar rayonlarda yaşadığı təqdirdə isə 2% dərəcəsində vergi verməlidir: "Aydın məsələdir ki, ölkəmizdə repetitor hazırlığı geniş vüsət alıb. Əslində, bu məsələnin müxtəlif aspektləri var ki, bunlar da həm iqtisadi, həm də sosial faktorlardan çox asılıdır. Bütün bunlardan əlavə, digər məsələ isə ali məktəblərə qəbul proqramı ilə bağlı orta məktəblərdə xüsusi bir sistemin olmamasıdır. Şagirdlərin əlavə repetitor hazırlığına yönəlməsi birbaşa olaraq sistemin effektivliyin zəif olması, ya da zəif olmadığı halda belə, şagirdlərin kütləvi şəkildə repetitor hazırlığına daha çox etibar etməsindən qaynaqlanır. Düşünürəm ki, öncə bu məsələnin kökünə varıb birdəfəlik həll etmək arzuedilən olardı.

Nəzərə alsaq ki artıq bu məsələ daha da çətinləşib, o zaman repetitorların vergiyə cəlb olunması mütləq vacibdir. Çünki, istənilən bir şəxs fərdi şəkildə hər hansı bir iqtisadi fəaliyyət göstərib gəlir əldə edirsə, gəlirlərindən Bakı şəhərində yaşayırsa 4%, kənar rayonlarda yaşadığı təqdirdə isə 2% dərəcəsində sadələşdirilmiş vergiləri özü şəxsən VÖEN hesabı açdıraraq ödəməlidir. Əslində, qanunda bu məsələ öz əksini tapıb. Digər tərəfdən, insanların bu fəaliyyətinə qadağaların qoyulması da heç bir zaman arzu edilən deyil. Əksinə, nəzərə alınmalıdır ki, vətəndaşlar sadələşdirilmiş vergi üzrə özlərini gəlirlərini bəyan edərək fəaliyyət göstərməsi şəxsi təşəbbüskarlığın dəstəklənməsinə birbaşa təsir edir. Sadəcə olaraq, repetitor hazırlığı ilə məşğul olanların vergi ödəyiciləri kimi stimullaşdırılması, vergi ödəmənin nə qədər vacib olduğu ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması çox zəruridir".