Avtomobil yolları ilə bağlı mühüm qərar

14 May 2014 11:39 (UTC+04:00)
Avtomobil yolları haqqında qanunda dəyişiklik edilib. ANS PRESS-in məlumatına görə, dəyişiklik "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 91 nömrəli qərarına şamil edilib. Dəyişikliyə əsasən respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdirilir. Eyni zamanda qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Nazirlər Kabinetinin yeni qərarı ilə özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.